Paşinyan 1915-ci il hadisələri haqqında indiyədək heç bir erməni liderin demədiklərini dedi

Aprelin 24-də Paşinyanın, parlamentin spikeri Alen Simonyanın və prezident Vahaqn Xaçaturyanın iştirakı ilə Tsitskanabert kompleksində rəsmi əklilqoyma mərasimi keçirilib

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 24-də soydaşlarını ötən əsrin əvvəllərində Osmanlı imperiyasında baş vermiş qətliamın ağrı-acısına “üstün gəlməyə” və “itirilmiş vətən həsrəti ah-zarını” dayandırmağa çağırıb.

Ermənistanda ermənilərin “soyqırım” adlandırdıqları 1915-ci il hadisələrinin 109-cu ildönümünün qeyd olunduğu bir gündə verdiyi xüsusi bəyanatda Paşinyan bəyan edib ki, uzun müddətdir davam edən bu iztirab onlara Ermənistanın real dünyada üzləşdiyi beynəlxalq hadisələri və çətinlikləri qiymətləndirməkdə mane olur:

“Bəlkə elə səbəb də budur ki, biz Erməni Soyqırımının yaralarını qopartmağı irs və ənənəyə çevirməklə yeni sarsıntılar yaşamalı oluruq”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazirin bu bəyanatının müxalifəti hiddətləndirəcəyi, onun Yerevan və Ankara arasında yaxınlaşmaya çalışmaqla “soyqırımı inkar etməkdə” ittiham olunacağı qaçılmaz idi.

Buna baxmayaraq Paşinyanın indiyədək bu hadisə barəsində Ermənistan cəmiyyətində deyilənlərdən radikal şəkildə fərqlənən bəyanatı ölkədə minlərlə vətəndaşın Yerevandakı Tsitsnakabert xatirə kompleksinə axışdığı bir vaxtda səslənib.

Buna da bax: Ərdoğan 24 aprel anım günü münasibətilə ermənilərə müraciət edib

Katolikos bu dəfə də rəsmi heyətə salınmayıb

Gün ərzində davam edən bu mərasim əsnasında yüksəklikdə yerləşən xatirə ansamblına Paşinyanın, parlamentin spikeri Alen Simonyanın və prezident Vahaqn Xaçaturyanın iştirakı ilə rəsmi əklilqoyma mərasimi keçirilib.

Azatutyun yazır ki, Erməni Kilsəsinin başçısı, katolikos II Qaregin bu il də rəsmi heyətə daxil edilməmişdi.

24 aprel, 2024-cü il. Yerevandakı "Soyqırım kompleksi"

Erməni tarxiçilərinin yazdığına görə Osmanlı imperiyasında ermənilərin kütləvi qırğını 1915-ci il, aprelin 24-də ucdantutma həbslərlə başlanıb. Onlar bu tarixdən başlayaraq aylar və illər ərzində 1.5 milyon erməninin qətlə yetirildiyini və sürgün nəticəsində öldüyünü iddia edirlər.

1915-ci il hadisələri Rusiya, Fransa, Almaniya və Birləşmiş Ştatlar da daxil 30-dək ölkənin parlamentləri tərəfindən “Erməni soyqırımı” kimi qəbul edilib.

Özündən əvvəlki prezidentlərdən fərqli olaraq Co Bayden kütləvi qırğın və deportasiyaları “soyqırım” adlandırıb. ABŞ-ın əvvəlki prezidentləri müttəfiq Türkiyəni qıcıqlandırmamaq üçün “Mets Yeğern” – “böyük cinayət” erməni ifadəsindən istifadə edirdilər.

Buna da bax: Sülhməramlılar Ermənistandan Qarabağa qayıdıblar?

“Mets Yeğern” və “soyqırım”

Azatutyun yazır ki, belə görünür Paşinyan da son bəyanatında “Mets Yeğern” termininə daha çox vurğu edib.

Onun 440 sözdən ibarət bəyanatında bu ifadə 11 dəfə, “soyqırım” sözü isə cəmi 4 dəfə işlədilib.

Paşinyan habelə I Dünya Müharibəsi dövründə baş vermiş qətliamlara görə Osmanlı imperiyasına o vaxt başçılıq edən “gənc türklər” hökumətini ittiham etməyib.

Baş nazir əksinə vurğulayıb ki, ermənilər bu hadisələrdə “geosiyasi intriqaların və saxta vədlərin” qurbanına çevriliblər:

“Bizim üçün Mets Yeğern şəhidlərinin xatirəsinin yad edilməsi itirilmiş vətəni deyil, tapdığımız real Ermənistan Respublikasını simvolıizə etməlidir. Məhz bu, rəqabət qabiliyyətli, legitim, düşüncəli və yaradıcı siyasətləri ilə faciənin təkrarına imkan yaratmamalıdır”.

Paşinyanın bəyanatında daha sonra deyilir:

“Bir daha olmasın. Biz bunu başqalarına yox, özümüzə deməliyik. Və bu qətiyyən özümüzə qarşı ittiham yox, yalnız özümüzün öz taleyimizin sahibi olduğunu əks etdirən bir baxışdır”.

Buna da bax: Paşinyan: 'KTMT bel bağlanası mexanizm deyil'

“Türk Nikol” sədaları

Azatutyun xatırladır ki, bu ayın əvvəllərində iqtidaryönlü deputatlardan Andranik Koçaryan Paşinyanın “soyqırımda həlak olanların adbaad tam siyashısının tərtibini” istədiyini demişdi:

"Məqsəd sadədir. Biz 1.5 milyon soydaşımızın ünvanlarını və yerini bilməliyik. Bu bizim gələcək münasibətləri qurmağımız baxımından da vacibdir. Tarix aprelin 24-dür. 1.5 milyon, 2 milyon və ya bundan az...tam dəqiqləşdirilməlidir. Əgər biz bunu belə sənədləşdirməsək qarşı tərəf həmişə deyə biləcək ki, belə bir şey heç vaxt olmayıb. Elə deyir də...”

Bu bəyanat hökumətin tənqidçilərini, müxalifət fiqurlarını və “soyqırım alimlərini” hiddətləndirmişdi.

Onlar bildirmişdilər ki, Paşinyan hökuməti bununla türklərin irəli sürdüyü inkar tezisini müdafiə etmiş olur.

Müxalifət tərəfdarı gənclərin 24 aprel münasibətilə məşəl yürüşü

Türkiyənin rəsmi mövqeyinə görə I Dünya Müharibəsi illərində ermənilərin kütləvi qətliamı etiraf edilir, amma bunun düşünülmüş siyasət nəticəsində baş verdiyi və qurbanların sayının 1.5 milyon olduğu inkar olunur.

Koçaryan ertəsi gün, bu təşəbbüsün Paşinyana aid olmadığını və onun öz şəxsi təşəbbüsü olduğunu bəyan etmişdi.

Azatutyun yazır ki, hökumət tənqidçiləri Koçaryanın izahının səmimi olmadığını bildiriblər. Onlar iddia edirlər ki, Paşinyan hökuməti Ankaraya böyük güzəştlər etməyə hazırlıq görür.

Azatutyun yazır ki, mərasim vaxtı iştirakçılardan bəziləri Paşinyanı küyə basıblar və izdihamın içindən “soyqrımçı Nikol” və “Türk Nikol” kimi sədalar ucalıb.