Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək KTMT sammitinə getməyəcəyini açıqlayıb.
Paşinyanın mətbuat xidmətinin məlumatına görə, baş nazir bunu Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon söhbətində bildirib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Rusiya başçılıq edir.
Noyabrın 14-də yayılan məlumata görə, telefon söhbəti Belarus liderinin təşəbbüsü ilə baş tutub. Paşinyan ümidini bildirib ki, KTMT-dəki tərəfdaşları onun qərarını anlayışla qarşılayacaqlar. Bu qərarın arxasındakı motivasiya ilə bağlı heç bir detal açıqlanmayıb.
İncikliyin səbəbi
Ancaq qərar təəccüb doğurmur, çünki Ermənistan KTMT-dən narazılığını dəfələrlə ifadə edib. "Azatutyun" yazır ki, 2022-ci ilin sentyabrında Ermənistan KTMT-ni Azərbaycanın onun suveren ərazisini işğal etməsini pisləməyə çağırıb, amma bu xahiş cavabsız qalıb.
Rəsmi Bakı Ermənistan ərazisinə müdaxilə ilə bağlı ittihamları rədd edir, sərhəddə mövqelərini müəyyənləşdirdiyini bildirir.
Paşinyan bu ilin əvvəlində deyib ki, Ermənistan 2023-cü ildə KTMT təlimlərinə ev sahibliyi etməyəcək. Bundan başqa, Yerevan hərbi alyansdakı səfirini geri çağırıb, onun yerinə təyinat etməyib.
Buna da bax: Naxçıvan yolu üstündə Yerevan – Moskva deyişməsiErmənistanın baş naziri oktyabrın 13-də Qırğızıstanda MDB sammitinə də getməyib. Təhlükəsizlik Şurasının katibi Armen Qruqoryan isə ötən həftə MDB məkanından həmkarlarının Moskvadakı toplantısına qatılmaqdan imtina edib, bunun əvəzində ölkəsinə səfər edən ABŞ diplomatı ilə görüşüb.
Moskvanın yanaşması
Rusiya bütün bunları "qeyri-dost" hərəkətləri sayır. Rusiyanın Xarici İşlər Nazirliyi ötən həftə Paşinyan administrasiyasını Rusiya-Ermənistan münasibətlərinin sistematik məhvində suçlayıb, Yerevan isə bu iddianı rədd edib.
Azərbaycan sentyabrın 19-20-də Qarabağda birgünlük əməliyyatla nəzarəti bərpa edəndən bəri Ermənistanla Rusiya arasında gərginlik daha da artıb. Yerevan 2020-ci il müharibəsindən sonra regiona yerləşdirilmiş Rusiya sülhməramlılarını yerli erməni əhalini qoruya bilməməkdə suçlayıb. Həmin əməliyyatdan sonra 100 mindən çox erməninin Qarabağı tərk edərək Ermənistana getdiyi bildirilir.
Ancaq bütün ziddiyyətlərə baxmayaraq, Paşinyan ölkəsini KTMT-dən çıxarmaq, yaxud Ermənistanda yerləşən Rusiya qoşunlarının çıxarılmasını tələb etməklə bağlı planlarını açıqlamayıb.