Ermənistan parlamentinin sədri sülh müqaviləsinin mümkünlüyünə eyham vurur

Alen Simonyan

"Sülh sazişini imzalamağa çox yaxınıq və buna tarixi fürsətimiz var", – Ermənistan parlamentinin spikeri Alen Simonyan ötən gün İctimai Televiziya-ya deyib.

"Qranadada irəliyə addım atmaq, bu tarixi şansdan yararlanmaq istərdik. Əbədi müharibə heç kəsə fayda gətirmir", – o vurğulayıb.

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi İcmasının sammiti keçiriləcək. Aİ Şurasının və Fransanın prezidentləri, Almaniyanın kansleri sammitə gedəcək. Bu danışıqların keçiriləcəyi hələ mayın əvvəlindən bilinirdi.

Əliyevlə Paşinyanın İspaniyada görüşü gözlənilir

Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 24-də televiziya vasitəsi ilə xalqa müraciət edib.

Paşinyan öz çıxışında Dağlıq Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyindən rəsmi Bakı və Rusiya sülhməramlılarının məsuliyyət daşıdığını deyib.

“Əgər Dağlıq Qarabağ ermənilərinin evlərində yaşamaqları üçün müvafiq şərtlər yaradılmasa və etnik təmizləməyə qarşı effektiv müdafiə mexanizmləri olmasa Dağlıq Qarabağ erməniləri həyatlarını və kimliklərini qorumaq üçün vətənlərini tərk etməyi yeganə yolun kimi görəcəkləri ehtimalı artır” – Paşinyan müraciətində deyib.

O, əlavə edib ki, ehtiyac olacağı təqdirdə Dağlıq Qarabakdakı erməni sakinləri Ermənistana qəbul edəcəklər:

“Ermənistan Dağlıq Qarabağdan olan qardaş və bacılarımızı tam qayğı ilə qəbul edəcək” - Paşinyan əlavə edib.

Azərbaycan hakimiyyəti Yevlaxda keçirilən görüşdə Qarabağ ermənilərinin nümayəndələrinə inteqrasiya planlarını təqdim edildiyini açıqlayıb.

Qeyd edək ki, bugün, sentyabrın 24-də bir qrup erməni sakinin artıq Qarabağı tərk etdiyi bildirilir.

Buna da bax: Qarabağ erməniləri: Reinteqrasiya, yoxsa kütləvi köç – Ekspertlər nə deyirlər?

Rusiyadan Paşinyanın ittihamlarına cavab

Rusiyanın Xarci İşlər Nazirliyi sentyabrın 25-də Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvanı tənqid etməsini pisləyib.

Bəyanatda deyilir ki, bu tənqiddə “Rusiyaya qarşı qəbuledilməz iddialar irəli sürülüb və bu iddialar yalnız rədd edilə bilər”.

Rusiya XİN-in bəyanatında deyilir ki, Paşinyanın ittihamları onun daxili və xarici siyasətinin uğursuzluqlarını ört-basdır etmək üçündür.

Bəyanatda deyilir ki, baş verənlər Ermənistan liderlərinin Qərbə üz tutmasının nəticəsidir:

"Yerevandakı rəhbərlik Ermənistanın Rusiya ilə çoxtərəfli və əsrlərcə yaşı olan bağlarını bilərəkdən dağıtmaqla və ölkəni Qərbin geosiyasi oyunlarının girovu etməklə böyük səhv edir”.

Rusiya XİN-in bəyanatında habelə Yerevanda Paşinyanın istefasını tələb edən aksiyaların arxasında Rusiyanın durmasına dair ittihamlar rədd edilir.

Paşinyan nə demişdi


Ermənistan baş naziri xalqa müraciətində Rusiyaya və rəsmi Moskvanın regional təhlükəsizliklə bağlı səylərinə dair də tikanlı çıxış edib:

Azərbaycanın Ermənistana hücumu göstərir ki, bizim təmsil olunduğumuz xarici təhlükəsizlik sistemləri Ermənistanın dövlət maraqları və təhlükəsizliyi baxımından effektiv deyil.” - Paşinyan çıxışında deyib.

Rusiya rəsmiləri isə böhranı idarə edə bilmədiyi üçün Paşinyanı günahlandırır və təkrarən Ermənistanın regionda az sayda müttəfiqi olduğunu xatırladırlar.

Paşinyan sentyabrın 24-də televiziya ilə yayımlanan çıxışında Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) işarə ilə demişdi ki, Ermənistanın daxil olduğu təhlükəsizlik sistemi ölkənin maraqlarına cavab vermir.

Paşinyan bunu da demişdi ki, “Qarabağ ermənilərinə qarşı çoxsaylı terror halları, Laçın dəhlizinin qanunsuz bağlanması və Azərbaycanın 19 sentyabr hücumu Rusiya sülhməramlı missiyasının məqsəd və motivləri barədə ciddi suallar doğurur”.

Baş nazir bildirmişdi ki, Azərbaycanın Qarabağda nəzarəti ələ almasından sonra “etnik təmizləmə” baş verərsə, buna görə məsuliyyəti Moskva və Bakı daşıyacaqlar.

Buna da bax: Ermənistan Qərbə üz tutur?

Makron Ermənistanın ərazi bütövlüyündən narahatdır

Fransa prezidenti Emmanuel Makron deyib ki, Paris Ermənistanın ərazi bütövlüyündən narahatdır.

Onun sözlərinə görə indi Azərbaycan hökumətini “heç nə saxlamır” və Bakı “Ermənistanın sərhədlərini təhdid edir”.

Fransa prezidenti bazar günü televiziya müsahibəsində deyib ki, Azərbaycan Qarabağ üzərində nəzarəti ələ aldıqdan sonra Paris Ermənistanın ərazi bütövlüyünü diqqətlə zləyir:

"Fransa hazırda Ermənistanın ərazi bütövlüyü məsələsində ayıq-sayıqdır. Çünki hazırda bu məsələ ortalıqdadır”.

Makron bunu da deyib ki, Moskva bu məsələdə Bakının “əlbiri” olub, Türkiyə isə Azərbaycanı həmişə dəstəkləyib.

Bundan bir gün əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbətində ABŞ-ın Qarabağın erməni əhalisinin taleyindən dərin narahatlıq keçirdiyini bildirmişdi.

Blinken Bakını regionun mülki əhalisinin təhlükəsizliyini və hüquqlarını təmin etməyə, habelə beynəlxalq humanitar hüquqa ehtiram göstərməyə çağırmışdı.

Əliyevlə Paşinyanın görüşəcəyi gözlənilir

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın oktyabrın 5-də İspaniyada görüşəcəyi gözlənilir.

Qranadada keçirləcək danışıqlarda Fransa prezidenti Emmanuel Makron, Almaniya baş kansleri Olaf Şoltz və Aİ prezidenti Şarl Mişelin də iştirak edəcəyi bildirilir.

Hələlik, bu görüş barədə rəsmi açıqlama yayılmayıb.

Sentyabrın 19-da rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Bir gün sonra hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlanıb. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə (Xocavənd rayonu daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.