Telegram-ın qurucusu 12 cinayətdə şübhəli bilinir

Pavel Durov

Paris prokurorluğu Telegram messencerinin qurucusu Pavel Durovun 12 cinayətdə şübhəli bilindiyini açıqlayıb. Bu sırada kibercinayətkarlıq, çirkli pulyuma, kriptoloji avadanlığı öncədən bəyan etmədən idxal etmək var. Bu barədə prokurorluğun saytında məlumat yerləşdirilib.

İttihamların hamısı Durova elan edilərsə, onu on illərlə həbs gözləyir.

Fransanın "Ofmin" agentliyinin baş katibi Jan-Mişel Berniqo LinkedIn sosial şəbəkəsində yazıb ki, P.Durova qarşı cinayət işi messencerdə özəlliklə uşaq pornoqrafiyası ilə bağlı kontentin pis moderasiya olunmasından qaynaqlanır. Agentlik uşaqlara qarşı cinayətlərin önlənməsi ilə məşğuldur və onun çıxardığı order əsasında Durov şənbə günü – avqustun 24-də saxlanılıb.

Durovun Fransada nəzarətdə saxlanılma müddəti avqustun 28-dək uzadılıb. Onun mühafizəçisi və yol yoldaşı xanım isə dindirilmədən sonra buraxılıb.

Makron: "Durovun həbsi siyasi motivli deyil"

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Pavel Durovun həbsi siyasi motivli deyil.

Makron X platformasında yazıb ki, Telegram başçısının həbsi davam edən məhkəmə araşdırmasının tərkib hissəsidir.

Prezidentin sözlərinə görə, bu barədə qərarı hakimlər qəbul edəcəklər.

Avropa Komissiyası bu barədə şərh verməkdən imtina edib.

+++

Telegram-ın Rusiyada anadan olmuş qurucusu və baş icraçı direktoru P.Durov avqustun 24-də axşam Parisdə Le-Burje aeroportu yaxınlığında saxlanılıb. 39 yaşlı milyarderin Azərbaycanın paytaxtı Bakıdan şəxsi təyyarəsi ilə Fransaya mühafizəçisi və şəxsi köməkçisi ilə birgə uçduğu, dərhal saxlanıldığı xəbər verilir.

Durovun sahibi olduğu Telegram-da iddia olunan pozuntularla bağlı məhkəmə qarşısına çıxarılacağı bildirilir.

Həbs orderi niyə çıxarılıb

Fransa hakimiyyəti onun həbsini dərhal şərh etməsə də, Telegram X-də yaydığı bəyanatda bildirib ki, "Durovun gizlətməyə heç nəyi yoxdur", durumun dərhal həllini gözləyir.

Rusiyanın TASS agentliyi Paris prokurorluğunun avqustun 26-da mətbuat üçün açıqlama verəcəyini yazır.

Fransa mediasının yazdığına görə, bu ölkənin azyaşlılara qarşı zorakılığın önlənməsi üzrə idarəsi – OFMIN Durov barəsində ilkin təhqiqatla bağlı həbs orderi verib. Ona qarşı dələduzluq, narkotik qaçaqçılığı, kiberbullinq, mütəşəkkil cinayətkarlıq, terrorçuluğun təbliği kimi iddia olunan pozuntulardan danışılır.

SOTA Telegram kanalı yazır ki, Durov Le-Burje aeroportunda miqrasiya həbsxanasında saxlanılır. Onun işi üzrə qərar verilənədək o, dörd günədək orada saxlanıla bilır.

Telegram-a ittihamlar

Dubayda mənzillənən Telegram platformasının dünyada azı 900 milyon istifadəçisi var. Durov son yeddi ildə ən böyük müsahibəsini aprelin 17-də ABŞ-dan şərhçi Taker Karlsona (Tucker Carlson) verib, Telegram-ın "neytral platforma" olduğunu, geosiyasətdə rol oynamadığını söyləyib.

Ancaq Ukraynada tənqidçilər onun dezinformasiya yaymasından, qanunsuz hərəkətləri asanlaşdırmasından narahatdırlar. Bəziləri Telegram-ı Rusiya dövlətinə bağlılıqda, onun müharibəsinə töhfə verməkdə ittiham edirlər.

+++

P.Durovun həbsindən sonra Telegram messenceri Aİ qanunlarına əməl etdiyini, heç bir qaydanı pozmadığını bildirib. İlkin təhqiqatın Telegram-ın narkotik alveri və digər pozuntularla bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməməsi üzrə aparıldığı bildirilir.

"Bir platformanın və onun sahibinin həmin platformada sui-istifadə hallarına görə məsuliyyət daşımasını iddia etmək absurddur", – Telegram bildirib.

+++

Rusiyalı Durov 10 il öncə ölkəsini tərk edib, 2021-ci ildə Fransa vətəndaşlığı alıb.

Son vaxtlar o, şirkətinin ofisinin yerləşdiyi Birləşmiş Ərəb Əmirliklərində yaşayıb.

Durov Rusiyanın "VKontakte" sosial şəbəkəsinin qurucusudur. O, Telegram messencerini 2013-cü ildə hazırlayıb və hazırda 30 milyard dəyəri olan platformanın əsas sahibidir.

Rusiya hakimiyyəti ilə iddia olunan işbirliyi

Rusiya hakimiyyəti 2018-ci ildə Telegram-a girişi müvəqqəti əngəlləyib.

Qərara platformanın Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıqdan imtinasının səbəb olduğu bildirilir. Qurum istifadəçilərin yazışmalarının şifrələmə kodlarını istəyirdi. Tətbiq isə bildirib ki, yazışmaların gizliliyi konstitusiya ilə təmin olunur.

Telegram-ın bloklanmasını Rusiya hökumətinin tənqidçiləri, bir çox ictimai xadimlər tənqid ediblər. Onun müdafiə məqsədilə Moskvada kütləvi yürüş keçirilib, orada ovaxtkı müxalifət lideri Aleksey Navalnı da çıxış edib.

Amma Rusiyanın müstəqil media orqanları yazıblar ki, Telegram hakimiyyətlə kompromis əldə edib, bir neçə il ərzində təhlükəsizlik xidmətləri ilə bəzi məlumatları paylaşıb. Amma Telegram bunu təkzib edib.