İyunun 9-da Ermənistan baş nazirinin əvəzi Nikol Paşinyan seçki kampaniyasının çərçivəsində Şirak vilayətində olub.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Paşinyanın və onun “Vətəndaş müqaviləsi” partiyası nümayəndələrinin ilk dayanacağı Mets Mantaş qəsəbəsində olub.
Paşinyan burada etdiyi çıxışda oğlunu Azərbaycandakı əsirlərə dəyişmək təklifini bir daha təsdiqləyib və deyib ki, bugün (iyunun 9-da) bu barədə təklifini rəsmən Bakıya təqdim edəcək:
“Mən əlaqədar orqanlara göstəriş vermişəm ki, Azərbaycan tərəfinə təklifimizi çatdırsınlar. Mənim oğlum girov qismində Bakıya getməyə hazırdır, bir şərtlə ki, bizim bütün əsirləri qaytarsınlar”.
Buna da bax: Sarkisyan ‘Paşinyanı ifşa edən’ səs yazısını açıqladığını deyir
“Demarkasiya qaçılmazdır”
Paşinyan səfəri zamanı sərhəddəki vəziyyətə də toxunub və qeyd edib ki, demarkasiya istənilən dövlət üçün qaçılmaz məsələdir:
“Biz istənilən an tərəfimizdən edilmiş təklifin reallaşdırılmasına hazırıq. Əslində bu təklif ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən də qəbul olunub”.
İyunun 9-da Paşinyan habelə Artik, Pemzaşen, Azatan icmalarına da baş çəkib.
Əvvəlcədən verilmiş informasiyaya görə o habelə Qarabağın Çaylaqqala kəndində əsir düşənlərin qohumları ilə görüşməli idi.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azatutyun yazır ki, ermənilərin Xtsaberd dedikləri Çaylaqqala kəndində əsir düşənlərin bir neçəsi Azatan kəndindən olan rezervistlərdir.
Onların qohumları əvvəlcədən demişdilər ki, nə iqtidaryönlü, nə də müxalif qüvvələrə bu kənddə seçki təbliğatı aparmaq imkanı verməyəcəklər.
Azatutyun yazır ki, əsir qohumlarının baş prokuror Artur Davtyanla da görüşləri olub.
Paşinyan iyunun 9-da, axşam saatlarında Gümrüdə keçirilən mitinqdə də çıxış edib.
Buna da bax: Lavrov həmsədrləri status məsələsini indilik ‘tərpətməməyə’ çağırırXatırlatma
Rəsmi Bakı bildirib ki, sözü gedən əsirləri – hərbi əsir yox, “terrorçu” hesab edir, çünki əslində Ermənistan vətəndaşı olan bu əsgərlər 10 noyabr atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ ərazisində tutulublar.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb.
Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.