Paşinyan iyulun 7-də Rusiyaya gedir

Nikol Paşinyan (solda) və Vladimirr Putin, 7 aprel, 2021-ci il

Tərəflərin Ermənistan-Rusiya strateji gündəminə dair məsələləri müzakirə edəcəyi gözlənir

Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan iyulun 7-də Rusiyaya işçi səfərə gedəcək.

Baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Tərəflərin Ermənistan-Rusiya strateji gündəminə dair məsələləri müzakirə edəcəyi gözlənir.

Onların həmçinin Azərbaycanla ötən il noyabrın 10-da və bu il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatların icrasını, Dağlıq Qarabağ sakinlərinə humanitar yardım, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasıyla bağlı məsələləri müzakirə edəcəyi bildirilir.

Azərbaycan ötən il 44 günlük əməliyyatlarla Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. 10 noyabr atəşkəs bəyanatına uyğun olaraq qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. 11 yanvar bəyanatı isə regionda kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur.