Qulluq stajına görə əlavələr alan pensiyaçılara yardım veriləcək

Sizin brauzer HTML5-i dəstəkləmir

Dövlət kimlərin pensiyasını geri alacaq?

Qulluq stajına görə əlavələr alan pensiyaçılara hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım veriləcək.

Prezident İlham Əliyev bununla bağlı yeni sərəncam verib. Sərəncama görə, əmək pensiyasına qulluq stajına görə əlavələr alan pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) bu yardım ediləcək.

Söhbət 2022-ci il yanvarın 1-dək pensiya təyin edilən şəxslərdən gedir.

Maddi yardım 2022-ci ilin yanvarın 1-dən hesablanmaqla hər ay onların pensiyası ilə birgə ödənəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, qulluq stajına görə əlavələr alan pensiyaçılara bu il üzrə pensiyalarının 10 faizində maddi yardım verilməsi üçün dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq: "Bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edir".

Fevralın 8-də Prezident İlham Əliyev əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalamışdı. Həmin sərəncama əsasən, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat maddi yardım verilir.

Xatırlatma

Hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65-dir. 2017-ci ildə qəbul edilən qərara görə, qadınların da pensiya yaşı 60-dan 65-ə çatdırılacaq, ancaq mərhələli şəkildə. Belə ki, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda ölkədə qadınların pensiya yaşı 63-dür.

Son beş ildə Azərbaycanda pensiyaçıların sayı 130 mindən çox azalıb.