Respublika Perinatal Mərkəzində yanğınla bağlı üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə yanvarın 10-da Baş Prokurorluq məlumat yayıb.
Söhbət mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlidən gedir.
H.Mustafayev və E.Əhmədliyə Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), M.Abasquliyevaya isə 314.3-cü (səhlənkarlıq - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb: "Hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib".
İttihama sözügedən şəxslərdən və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Perinatal Mərkəzdə yanğında dörd körpə həlak olub
"Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir".
AZƏRTAC-ın xəbərinə görə, bunu jurnalistlərə müsahibəsində baş prokuror Kamran Əliyev deyib.
"İlkin məlumatlara görə, yanğında ölən uşaqlar yanıq xəsarətləri alıblar. Ekspertizanın rəyindən sonra onların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq", - baş prokuror qeyd edib.
+++
Yanvarın 9-da gecə saatlarında Respublika Perinatal Mərkəzində baş vermiş yanğında dörd körpə həlak olub.
Bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yanvarın 9-da səhər saatlarında yaydıqları birgə məlumatda bildirilir.
Vurğulandığına görə, Mərkəzdə olan şəxslər təxliyə olunub: "İlkin araşdırmalar zamanı müəyyən edilib ki, üç nəfər tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub... Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan dörd uşağın meyiti aşkar olunub".
Fakta görə Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Məsələ ilə bağlı həlak olan körpələrin yaxınları ilə danışmaq mümkün olmayıb.