Azərbaycanda hazırd 4 istehsalçının peyvəndi tətbiq olunur.Bunlar SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ) və Sputnik V (Rusiya) vaksinləridir.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) vətəndaşların sualları ilə bağlı birgə cavabında bildirilir.
Rəsmi qurumlar "Hansı hallarda peyvənd vurdurmuş şəxsin vaksinin 3-cü dozasına ehtiyacı yaranır? Buster doza nə deməkdir? " kimi suallara da cavab veriblər.
Cavabda qeyd edilib ki, Buster (qüvvətləndirici) doza deməkdir :
" 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur. "
Habelə vurğulanıb ki, tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib.Vaksinasiya iki mərhələdə aparılır. Ölkədə əsasən Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb. Bu şirkətə 9 milyon doza (4,5 milyon insan üçün ) sifariş verildiyi bildirilir. İndiyə kimi ölkədə birinci mərhələdə 4,1 milyon, hər iki mərhələdə isə 1,6 milyondan çox şəxsin peyvənd edildiyi açıqlanıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə ümumilikdə 337 min 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 988 nəfərinin vəfat etdiyi bildirilir.