Pfizer uşaqlar üzərində sınağı genişləndirir

İllüstrativ foto

Yeni tədqiqata Birləşmiş Ştatlar, Finlandiya, Polşa və İspaniyadan 4 min 500-dək uşaq cəlb olunacaq

Pfizer COVID-19-a qarşı vaksinin yaşı 12-dən az uşaqlar üzərində sınağını genişləndirir.

Sınağın ilkin mərhələsində peyvəndin daha zəif dozası seçilmişdi. Yeni tədqiqata isə Birləşmiş Ştatlar, Finlandiya, Polşa və İspaniyadan 4 min 500-dək uşaq cəlb olunacaq. Şirkət məlumatı iyunun 8-də yayıb.

Pfizer-in Almaniyadan tərəfdaşı BioNTech ilə birlikdə hazırladığı vaksin Birləşmiş Ştatlar, Kanada və Avropa Birliyində yaşı 12 və yuxarı olanlara vurulur.

Şirkətin məlumatına görə, genişləndirilmiş test zamanı 5-11 yaşlılara 10 mikroqramlıq, 6 aydan 5 yaşadək qrupa isə 3 mikroqramlıq doza vurulacaq. Böyüklərə isə 30 mikroqramlıq doza vurulur.

Uşaqlara vaksinin təhlükəsiz və effektiv vurulması pandemiyanın nəzarətə alınmasında vacib addım sayılır.

Pfizer bildirir ki, sınaqla bağlı data sentyabrda əldə olunanda peyvəndin uşaqlara vurulmasından ötrü tənzimləyici orqanlara müraciət oluna bilər.