Rusiyalı pilotun cənazəsi Suriyadan vətənə gətirilib

Rusiya Müdafiə Nazirliyinin qarşısındakı abidənin önünə mayor Filipov üçün gül dəstələri qoyulur

Fevralın 3-də Suriya səmasında vurulmiş Su-25 təyyarəsinin pilotu mayor Roman Filipovun cənazəsi Rusiyaya gətirilib.

Rusiya Müdafiə Nazirliyinin 6 fevralda verilmiş məlumatında deyilir ki, Filipovun meyitinin qaytarılmasında Türkiyə hökuməti fəal iştirak edib. Nazirlik Filipovun meyitinin necə alındığını bildirmir.

Bu arada Rusiya prezidenti Vladimir Putin fevralın 6-da mayor Filipovun ölümündən sonra “Rusiya qəhrəmanı” adı ilə təltif olunması barədə fərmanı imzalayıb.

Kremlin internet saytında dərc olunmuş fərmanda deyilir ki, Filipov bu yüksək ada “öz xidməti vəzifəsini icra edərəkən göstərdiyi qəhrəmanlığa, cəsurluğa və igidliyə görə” layiq görülüb.

Rusiya 2015-ci ilin sentyabrından bəri Suriyada prezident Bashar al-Assad-ın hökumətinə dəstək məqsədilə hava kampaniyası aparır.

Filipovun qırıcısı Suriya qiyamçılarının vurduğu ilk Rusiya hərbi təyyarəsidir.

2016-cı ilin iyulunda Suriya müxalifəti Rusiya istehsallı Suriya helikopterinin vurulmasında çiyində gəzdirilən raketdən istifadə etmişdi. Bu helikopteri Rusiya ekipajı idarə edirdi.

Rusiya ümumilikdə Suriyadakı əməliyyatlarda indiyədək 4 təyyarə və 4 helikopter itirdiyini deyir.

Bu təyyarələrdən ikisi Admiral Kuznetsov təyyarədaşıyanına enərkən qəzaya uğrayıb. Rusiyanın daha bir təyyarəsini 2015-ci ilin noyabrında Türkiyə vurub.