Bu gün, dekabrın 12-si axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilir.
Bu barədə Müdafiə nazirliyinin saytı xəbər yayıb.
“Cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib” - deyə məlumatda qeyd edilir.
Buna da bax: Azərbaycan ordusu növbəti pilotsuz uçuş aparatını nümayiş etdirib
Dekabrın 12-si Azərbaycan Müdafiə Nazirliyi Füzuli istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir pilotsuz uçuş aparatını məhv etdiyini açıqlamışdı.
Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Tərəflər bir-birlərinə ağır texnika və pilotsuz uçuş aparatları sarıdan da itkilər verdiklərini açıqlayıblar.
Buna da bax: Ermənilərə məxsus PUA ələ keçirilib - MN
Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir. Üstəlik, ara-sıra cəbhədə iriçaplı silahların da işə düşdüyü bildirilir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.