Tanınmış kinorejissor, Oskar laureatı Roman Polanski 1970-ci illərdə onu zorladığını iddia edən aktrisanı məhkəməyə verəcəyi ilə hədələyib.
Guardian yazır ki, 1978-ci ildə Los Ancelesdə 13 yaşlı qızı zorladığını etiraf etdikdən sonra Fransaya qaçan 86 yaşlı Polanski ittihamları rədd etsə də, ona təzyiqlər artmaqdadır.
“Elə bilirdim ki, öləcəyəm”
Polanskinin son filminin ulduzu Jean Dujardin TF1 telekanalına praym-taymda verəcəyi müsahibəni qəfildən təxirə salıb.
“Le Parisien” qəzeti Fransa aktyorlar gildiyasının (ARP) vise-prezidentinə istinadən yazıb ki, qurum tezliklə toplaşıb Polanskinin üzvlükdən çıxarılmasını müzakirə edə bilər.
Fotoqraf və keçmiş aktrisa Valentine Monnier Polşa və Fransa vətəndaşı olan Polanskini 1975-ci ildə, İsveçrənin Gstaad xizək kurortunda onu zorlamaqda ittiham edib. O zaman Monnier-in 18 yaşı var imiş. Hadisənin Polanskinin otağında baş verdiyi iddia olunur.
Monnier iddia edib ki, Polanski hücum zamanı onu bir həbi udmağa məcbur edib, sonradan göz yaşı tökərək üzr istəyib və onun bu haqda heç kimə danışmamasını xahiş edib.
“Elə bilirdim ki, öləcəyəm”, - deyə o, “Le Parisien” qəzetinin dərc etdiyi açıq məktubda yazır. Qəzet Monnier-dən müsahibə də alıb.
Polanskinin vəkili Hervé Temime isə rejissorun zorlama ittihamlarını rədd etdiyini bildirib.
“Biz bu məqaləyə qarşı hüquqi tədbir üzərində çalışırıq”, – deyə o əlavə edib.
Brigitte Macron işə qarışıb
Polanski və “Mən ittiham edirəm” (“J’accuse”) adlı yeni filmi (film dünyada ingiliscə “An Officer and a Spy” adı ilə tanınır) sentyabrda Venesiya kinofestivalına daxil edilmiş və münsiflərin qran-prisinə layiq görülmüşdü. Bu hadisənin özü də mübahisələrə səbəb olmuşdu.
1980-ci illərdə filmlərə çəkilən Monnier deyib ki, Fransa tarixində ədalət sisteminin ən yaddaqalan səhvlərindən biri olan Dreyfuz işi haqda filmin ekrana çıxması onu bu haqda danışmağa vadar edib.
“O, tarixi alətə çevirmək üçün ictimai vəsaitlərdən necə bəhrələnə, eyni zamanda da öz cinayətkar keçmişini ört-basdır etmək üçün öz tarixini yenidən yaza bilər?” – deyə Monnier filmin çəkilişinə ayrılmış dövlət subsidiyalarına işarə edib.
“O məni təslim olana qədər döyüb və hər cür şey etməyə məcbur edib”, – deyə o əlavə edib.
Monnier bundan öncə Fransanın birinci xanımı Brigitte Macrona da yazıb. Macron öz növbəsində Fransanın bərabərlik naziri Marlène Schiappa-ya iki məktub göndərib. Nazir cinsi təcavüzə qarşı yeni tədbirlərə çağırıb.
Schiappa ötən il Monnier-ə məktub yazaraq onun “sükutu pozmağa cəsarət etməsini” alqışlayıb, ancaq ittihamlarla məhkəmə sisteminin məşğul olduğunu vurğulayıb.
Dönüş nöqtəsi?
Hollivudu lərzəyə gətirmiş #MeToo hərəkatı Fransa kinosunda o qədər də dərin iz buraxmayıb. Ancaq “The Guardian” yazır ki, Monnier-in bu addımı dönüş nöqtəsi ola bilər.
Monnier Polanskini zorlamada ittiham edən ilk fransalı qadındır. Polanskinin 1977-ci ildə Kaliforniyada Samantha Gailey-yə (hazırda Samantha Geimer kimi tanınır) -yə dərman verərək onu zorlamaq ittihamı ilə həbsindən bəri Monnier də daxil olmaqla daha beş qadın onu zorlama, yaxud cinsi təcavüzdə ittiham edib.
Buna da bax: Polanski öz filminin premyerasına qatıla bilmədi
Polanski bütün bu ittihamları rədd etsə də, 2017-ci ildə Oskar mükafatının fransız ekvivalenti sayılan Cèsars-ın prezidentliyindən istefa verib. Növbəti ilsə Amerika Kino Akademiyasından xaric edilib.
“The Guardian” yazır ki, həm Fransa, həm də Polşa Polanskini ABŞ-a təhvil verməkdən imtina edir. Hətta Polanskinin 1994-cü ildə Geimer-ə 225 min dollar ödəməsindən sonra da Kaliforniyada prokurorlar bu işi nəzarətdən buraxmırlar.
Geimer Twitter-də Monnier-ni daha tez danışmadığına görə tənqid edib.