Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində həyat yoldaşını öldürməkdə suçlanan polis əməkdaşı İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib. Aprelin 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Nizami rayon Post-Patrul Xidmətinin əməkdaşı olmuş 32-yaşlı Məmmədov həm həyat yoldaşını öldürməkdə, həm də ona əzab verməkdə suçlu sayılıb. Məhkəmə qərar verib ki, təqsirləndirilən şəxsdən 8 min manat tutularaq qətlə yetirilmiş Xanım Məmmədovanın yaxınlarına ödənilsin.
Hökmdən öncə məhkəmədə son sözünü deyən təqsirləndirilən Məmmədov bildirib ki, həyat yoldaşını öldürmək niyyəti olmayıb. Əksinə, onunla barışmaq istəyib.
"Məni təhqir etdi. Mən şəhid övladı kimi, məhkəmədə hər şeyi düz danışmışam. Xanımımın məni təhqir etməsindən sonra özümdə olmamışam. Etdiyim əməllərdən peşmanam", – Məmmədovun sözləridir.
O, məhkəmədən ədalətli qərar gözlədiyini əlavə edib.
Xatırlatma
Cinayət işinin materiallarında yazılıb ki, ər-arvad arasında münasibətlər son vaxtlar gərginləşib. Hadisədən bir gün əvvəl Məmmədov həyat yoldaşını döydüyünə görə o, Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət edib. Ertəsi gün səhər saatlarında onu şikayəti ilə əlaqədar Nizami rayonu 24-cü polis bölməsinə dəvət ediblər. Məmmədova bibisi və iki uşağıyla bölməyə gedib. Təhqiqatçı Füzuli Qurbanov telefonla Məmmədova həyat yoldaşının ondan şikayətçi olduğunu, polis əməkdaşı olduğuna görə onunla bağlı araşdırmaların prokurorluqda davam edəcəyini bildirib. Bölməyə gələn Məmmədov təhqiqatçıya bildirib ki, uşaqlarını görüb gedəcək. O, həyat yoldaşına barışmaq istədiyini bildirsə də, Məmmədova imtina edib.
Ekspert rəyinə əsasən, Məmmədov hadisə zamanı xidməti silahında olan 15 güllənin hamısından istifadə edib.