Reportyorların şikayəti araşdırılır

Polis

Reportyorlar Fatimə MövlamlıSevinc Sadıqovaya fiziki təzyiq göstərdiyi iddia olunan polis əməkdaşlarının hadisənin araşdırma müddətində vəzifədən kənarlaşdırıldığı deyilir.

Bu barədə "Turan"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov danışıb. Onun sözlərinə görə, hazırda araşdırma aparılır.

Üç gün əvvəl, fevralın 15-də Prezident Administrasiyasının qarşısında bir aksiyanı çəkərkən reportyorlar F.Mövlamlı və S.Sadıqova saxlanmışdılar. F.Mövlamlı sonradan polisdə döyülüb, təhqir edildiyini açıqlamışdı.

Bəzi beynəlxalq və yerli təşkilatlar da bu məsələ ilə bağlı narahatlığını bildirmişdilər.

Reportyor polisdə döyüldüyünü deyir

Reportyor Fatimə Mövlamlının bu gün, fevralın 15-də polis bölməsində döyüldüyü deyilir.

Bu bərədə onun özü məlumat verib. Reportyorun sözlərinə görə, o, Bakıda Prezident Administrasiyası qarşısında keçirilən aksiyadan reportaj hazırlayarkən saxlanıb və Səbail rayon 9-cu polis bölməsinə aparılıb: "Prezident Administrasiyası qarşısında aksiyada polis əməkdaşları tərəfindən saxlandıq. Telefonlarımızı əlimizdən alıb reportajlarımızı silməyimizi istədilər. 9-cu polis bölməsində serjantlar bölmə rəhbərliyinin gözü qarşısında məni iki dəfə yerə yıxıb təpiklədilər. Çəkmə izləri indi də ayağımda görünür. Gödəkcəmi cırdılar…".

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən isə "Turan"a bildirilib ki iddialar əsassızdır.

Fevralın 15-də müxtəlif vaxtlarda vəfat etmiş bəzi hərbçilərin valideynləri Prezident Administrasiyasının qarşısına toplaşıblar. Onların sözlərinə görə, xidmət vaxtı vəfat etmiş yaxınlarına status verilmir. Şikayətçilərin vurğulamasına görə, onlara övladlarının intihar etdiyi bildirilib, amma buna şübhə edirlər. Həmin şəxslər deyir ki, bütün instansiyalara müraciət etsələr də, bunun nəticəsi olmayıb. Daha sonra onları Prezident Administrasiyasına qəbula aparıblar.

Aksiya zamanı bir neçə reportyorun saxlanıb buraxıldığı bildirilib.

Şikayətçilərin fikirlərinə, hələlik, Prezident Administrasiyası və Müdafiə Nazirliyindən münasibət almaq mümkün olmayıb.