Polşanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Bu gün, noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, "görüş zamanı, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə... səfər edərək Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib".

"Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb". - XİN-in açıqlamasında əlavə edilib.

Bu məlumata Polşa və Ermənistan rəsmi qurumlarının münasibətini öyrənmək mümkün olmayıb.

Polşa prezidenti A.Duda noyabrın 25-dən 27-dək Ermənistanda rəsmi səfərdə olub.

Aİ-nin Ermənistandakı missiyası ilə bağlı bundan əvvəl də həm Rusiya, həm də Azərbaycan rəsmiləri bir neçə dəfə tənqidi fikirlər səsləndiriblər. Aİ təmsilçiləri isə bildirirlər ki, mülki, silahsız bir missiyanın mandatı yalnız müşahidə aparmaqdır.

Missiyanın yaradılması...

2023-cü ilin yanvarında Aİ sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədilə Ermənistanda mülki missiya yaradıb. İkiillik monitorinq missiyası Ermənistanda sərhəddə patrul xidməti həyata keçirir. Dekabrda missiya üzvlərinin sayı 138-dən 209 nəfərə artırılıb.

Rəsmi Bakı qurumun bu qərarını tənqid edib və bu addımı mandatın sayının "özbaşına" genişləndirilməsi adlandırıb.

Bu missiyanın yaradılmasından öncə tez-tez Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılırdı. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırdılar.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında zaman-zaman hərbi toqquşmalara səbəb olub. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb. Hazırda sülh danışıqları gedir.