Polşa MN: Belarus əsgəri Polşa hərbçilərinə atəş açmağa cəhd edib

Polşa-Belarus sərhəddi, - miqrantlar, Polşa və Belarus (sağda) sərhədçiləri

Polşa Müdafiə Nazirliyi Belarusla sərhəddə daha bir insident barədə məlumat yayıb. Nazirliyin "Twitter" səhifəsində yazıldığına görə, belaruslu hərbçi siqnal tapançasından polşa əsgərlərinə atəş açmağa cəhd edib, lakin tapançadan atəş açılmayıb.

"100 metr məsafədə beş silahlı belarus polşalı əsgərlərə atəş açacaqlarını qışqıraraq hasarı dağıtmağa cəhd göstərib. Ordu və Sərhəd Xidmətinin nümayəndələrinin təmsil olunduğu əlavə qüvvələr çağırıldıqdan sonra belaruslar geri çəkilib", - Müdafiə Nazirliyi bildirib.

Bundan əvvəl, oktyabrın 8-də Polşa Sərhəd Xidmətinin mətbuat katibi Anna Mixalskaya sərhəd patruluna Belarus istiqamətindən atəş açıldığını deyib. Atışma nəticəsində heç kim xəsarət almayıb. Mətbuat katibi ehtimal edib ki, atəş boş patronlarla açılıb.

Polşa Sərhəd Xidmətinin məlumatına görə, avqust ayından- miqrasiya böhranı başlayandan bəri 30 mindən çox miqrant Belarus-Polşa sərhədini qanunsuz keçməyə cəhd edib.

Varşava və onun Avropa İttifaqı tərəfdaşları rəsmi Minski qanunsuz miqrasiyaya göz yummaqda və ya Aleksandr Lukaşenko rejimini tənqid edən qonşularına problem yaratmaq üçün birbaşa təşkil etməkdə ittiham edirlər.