Bir qrup polşalı həkim Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin hərtərəfli müayinəsinə başlayıb.
Bu xəbəri Polşanın baş naziri Mateuş Moravetski özünün Twitter hesabından paylaşıb:
"Biz dostlarımızı darda qoymuruq. Mənim tövsiyəmlə bir qrup polşalı həkim Gürcüstanda keçmiş prezident Mixeil Saakaşvilinin kompleks tibbi müayinəsinə başlayıb”.
İyulun 3-də çox zəifləmiş halda olan Saakaşvili bir neçə aydan sonra ictimaiyyətə görünüb.
O Tbilisidə keçirilən məhkəmə dinləməsində videobağlantı ilə iştirak edirdi.
Onun videodakı durumu bütün dünya boyunca siyasətçilər və tərəfdarları arasında dərin narahatlıq yaradıb.
Xəbər verilir ki, Polşa həkimləri Gürcüstana Avropa İttifaqının tapşırığı ilə gəliblər. Bu qrupun göndərilməsi barədə qərar hələ yarım il bundan əvvəl Brüsseldə qəbul edilmişdi. Saakaşvilinin vəkili Dito Sadzaqlişvili AFP agentliyinə bu barədə deyib:
"Hökumət altı aylıq süründürməçilikdən sonra nəhayət həkimlərin Saakaşviliyə xəstəxanada baş çəkmələrinə icazə verib. Onlar onu müayinə edəcək və sonra nəticəni bildirəcəklər”.
Ukraynada müharibədən əvvəl bir neçə il Odessa qubernatoru vəzifəsində çalışmış və Ukrayna pasportu almış Saakaşvili Gürcüstana 2021-ci ilin 29 sentyabrında qayıdıb və dərhal həbs olunub.
Buna da bax: Zelenski Tbilisidən Saakaşvilini tələb edirİttihamlar, dinləmələr, rədd edilən vəsatətlər
6 il müddətinə azadlıqdan məhrum edilmiş eks-prezident hazırda səlahiyyətlərindən sui-istifadə maddəsi ilə iki cinayət işində ittiham olunur.
Bu işlərdən biri müxalifət mitinqinin zorakılıqla dağıdılması, digəri isə 2007-ci ildə müstəqil İmedi telekanalının zəbt edilməsi ilə bağlıdır.
Saakaşvili habelə dövlətə xüsusilə böyük məbləğdə ziyan vurmaqda və Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunur.
Bu işlər üzrə məhkəmə prosesləri hələ davam edir.
Siyasətçinin səhhəti son bir ildə xüsusilə pisləşib. Onun tərəfdarları keçmiş prezidentin həbsxanada zəhərlənməsindən şübhələnirlər.
2023-cü ilin fevralında Tbilisi şəhər məhkəməsi Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı həbsxanadan azad olunmasına dair vəsatəti rədd edib.
Vəkilləri məhkəmə hökmlərinin icrasının təxirə salınmasını və ya onun cəzadan ümumiyyətlə azad edilməsini istəyirdilər.
Məhkəmə Saakaşvilinin müalicə üçün xaricə göndərilməsinə dair vəsatəti də təmin etməyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Tbilisi çağırışları eşitmir
Saakaşvili bu məhkəmə qərarını özü barəsində “ölüm hökmü” adlandırmışdı və bütün bu məhkəmə prosesinin “tamaşa” olduğunu demişdi:
"Dövlət ekspertləri özlərinə hətta məni görmək əziyyətini də verməyiblər, amma məhkəmə, üzvləri arasında Nobel mükafatçısı da olan və mənim həbsdə qalaramsa öləcəyimi deyən beynəlxalq komandaya yox, onlara inanıb”.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətini “bir vaxtlar Gürcüstan prezidenti olmuş Ukrayna vətəndaşına iztirab verilməsini dərhal dayandırmağa” çağırmışdı və Saakaşvilinin Ukraynaya verilməsini tələb etmişdi.
Rəsmi Tbilisi bu çağırışları da cavabsız qoyub.
Ukrayna XİN o vaxt bildirmişdi ki, Saakaşvilinin həyatı Gürcüstan hakimiyyətinin siyasi repressiyalarına görə təhlükə qarşısındadır.
Prezident Volodimir Zelenski isə demişdi ki, “Rusiya Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür”.