Rusiya Poltavaya zərbə endirib, ölənlər var

Ukrayna

Rusiya ötən gecə Ukraynanın şərqi Poltava vilayətinə zərbə endirib, ölənlər, xəsarət alanlar var. Rusiya isə öz ərazisinə dron hücumları olduğunu bildirir.

Poltavaya zərbədə iki nəfər həlak olub, iki nəfər yüngül xəsarətlərlə xəstəxanaya aparılıb, iki nəfərin itkin düşdüyü bildirilir.

Ötən gecə Dnepropetrovska raket zərbəsi nəticəsində Krivoy Roq şəhərində iki bina dağılıb.

Melitopol səmtində hücum əməliyytı

Ukrayna ordusunun avqustun 28-də yaydığı məlumata görə, qüvvələri şərqi Zaporojye vilayətindəki strateji Melitopol şəhəri səmtində hücum əməliyyatını davam etdirirlər. Son bir sutka ərzində 34 toqquşmanın qarşısının alındığı bildirilir.

Zaporojyedəki Melitopol şəhəri Rusiya qüvvələri üçün vacib tranzit qovşağı, eləcə də Moskvanın ilhaq etdiyi Krımla Ukraynanın şərqində Rusiyanın işğal etdiyi ərazilərlə “quru körpüsü”dür.

Rusiya isə avqustun 28-nə keçən gecə Moskvanın rayonlarının birində və qərbi Bryansk vilayətində dronların vurulduğunu açıqlayıb.

Moskvanın meri Sergey Sobyanin paytaxtın Lyubertsi rayonunda bir dronun məhv edildiyini bildirib.

Moskvada Domodedovo və Vnukovo aeroportları fəaliyyətini bir saatadək dayandırmalı olub.

Rusiyanın Müdafiə Nazirliyi ötən gecə Bryansk vilayəti üzərində iki dronunun vurulduğunu açıqlayıb. İtki, yaxud dağıntı yoxdur.

Buna da bax: Kiyev cənubda ‘uğurlar’ qazandığını deyir

Zelenskinin “əzəmətli sentyabr” gözləntisi

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 27-də bildirib ki, ölkəsi üçün “əzəmətli sentyabr”, o cümlədən Qərb müttəfiqlərindən vacib silah və avadanlığın təminatıyla bağlı həlledici qərarlar gözləyir.

Zelenski Telegram-da yazıb ki, növbəti həftələrdə “Ukrayna əsgərləri üçün yeni müdafiə paketləri” gözləyir.

“Artilleriya, zirehli maşınlar, havadan müdafiə sistemləri və raketlər, minalardan təmizləmə avadanlığı. Tərəfdaşlarımıza ehtiyaclarımız haqda bilgi verilib. Qərarları gözləyirik”, – o vurğulayıb.

“Birləşmiş dünya istənilən təcavüzkardan güclüdür. Sentyabrda daha çox birlik olacaq”, – Zelenski əlavə edib.

Avqustun 27-də Xerson vilayəti hərbi administrasiyası Rusiya ordusunun Xersonun mərkəzinə hücum etdiyini, bir qadının öldürüldüyünü, bir kişinin yaralandığını açıqlayıb.