Polşada Holokost qurbanları yad edilib

Holokostdan sağ çıxmış Edward Mosberg və nəvəsi Jordana Kargerin çarpaz barmaqları

Bütün dünyadan olan minlərlə gənc yəhudi mayın 2-də Polşanın cənubunda Holokostdan sağ çıxanların və siyasətçilərin keçirdiyi illik mərasimə qatılıb.

Hər il mart ayında keçirilən “Yaşayanların yürüşü” nümayişinə qoşulan 10 minədək yürüşçünün əllərində İsrail bayraqları və “Antisemitizmə YOX deyək” plakatları vardı.

Bu yürüş bir qayda olaraq Polşanın Osventsim şəhərində II Dünya Müharibəsi illərində alman nasistlərin yaratdığı Auşvits-Birkenau ölüm düşərgəsinin iki hissəsi arasındakı 3 kilometrlik yolda keçirilir.

İştirakçılar keçmiş Birkenau düşərgəsinin yerində keçirilən mərasimə üzərində 1942-1945-ci illərdə həyatlarını itirmiş qohum və yaxınlarının adları yazılmış taxta lövhələri gətirmişdilər.

Vaşinqtonda keçirilən mərasimdə ABŞ prezidenti Donald Trump antisemitizmə qarşı ümumi mübarizəyə çağırıb.

Polşada keçirilən yürüşdə ABŞ-ın İsraildəki səfiri David M. Friedman, Polşadakı səfiri Georgette Mosbacher də daxil altı ABŞ səfiri iştirak edirdi.

Bu yürüşlər gənc yəhudilər üçün təhsil proqramı çərçivəsində 1988-ci ildən keçirilir.

II Dünya Müharibəsində Almaniyanın Polşanı işğal etdiyi illər ərzində Osventsim-Birkenauda 1, 1 milyon insanın öldüyü təxmin edilir.

Onların böyük əksəriyyəti yəhudilər idi, lakin aralarında Polşa müqavimətinin üzvləri, qaraçılar və sovet müharibə əsirləri də vardı.