ABŞ dövlət katibi Mike Pompeo iyunun 30-da BMT-nin Təhlükəsizlik Şurasını İran üzərindəki silah embarqosunun müddətini uzatmağa çağırıb.
İrana adi silahların satışını qadağan edən bu embarqonun müddəti bu ilin oktyabrında başa çatır.
Pompeo deyib:
"Buna təkcə mənim sözlərim kimi qulaq asmayın, regiondakı başqa ölkələri, İsraili, Körfəz ölkələrini, İranın qabalığına ən çox məruz qalan Yaxın Şərq ölkələrini dinləyin. Onlar bir səslə deyirlər: silah embarqosunu uzadın”.
Birləşmiş Ştatlar ötən həftə Təhlükəsizlik Şurasının 15 üzvünə BMT embarqosunun uzadılması üçün rəsmi müraciət edib.
Bu embarqo 2015-ci il nüvə sazişinə bağlıdır və oktyabrdan başlayaraq yüngülləşdirilməlidir.
Veto hüququna malik Rusiya və Çin ABŞ-ın bu çağırışına qarşı olduqlarını bildiriblər və Vaşinqtonun İran üzərinə BMT sanksiyaları qoyulması üçün mübahisəli hüquqi addımdan istifadə etmək cəhdini pisləyiblər.
Buna da bax: Pompeo yenə də İran silah embarqosunun uzadılmasına çağırır
ABŞ-a Trump-ın 2018-ci ildəki qərarı mane olacaq
Çinin BMT-dəki səfiri Zhang Jun Təhlükəsizlik Şurasına bildirib ki, ABŞ 2015-ci ilin nüvə razılaşmasını birtərəfli qaydada tərk edib və buna görə də həmin razılaşmanın İran üzərinə sanksiyalar qoyulmasına imkan verən mexanizmindən istifadə edə bilməz.
ABŞ prezidenti Donald Trump 2018-ci ildə Vaşinqtonu birtərəfli qaydada İranla nüvə razılaşmasından çıxarıb. Bundan sonra İran özünün həmin saziş üzrə öhdəliklərindən geri çəkilib.
Məhz bu səbəbdən də Vaşinqton israr edir ki, Tehran 2015-ci il sazişini pozduğuna görə onun üzərindəki embarqo qaldırıla bilməz.
Əgər embarqo qaldırılarsa, İran çox güman ki, Çin və Rusiyadan döyüş təyyarələri, tanklar, gəmilər və başqa hərbi avadanlıq almaq istəyəcək.
BMT embarqosu ilə üzləşən İran çəkindirici element kimi özünün ballistik raket proqramını inkişaf etdirməyə çalışır. Tehran bundan başqa regional münaqişələrdə üçüncü, təmsili qüvvələrdən istifadə edir.
Beləliklə, BMT-nin silah embarqosu İranın Suriya, İraq şiələri və Livan Hizbullahı da daxil Yaxın Şərqdəki müttəfiqlərini silahlarla təchiz etməsinin qarşısını ala bilməyib.
Buna da bax: Rusiya ABŞ-ın İran embarqosunu uzatmaq cəhdinin qarşısını alacağını deyir
ABŞ-ın nəyəsə nail olması çətindir
Təhlükəsizlik Şurasına BMT tərəfindən təqdim olunmuiş hesabatda Səudiyyə Ərəbistanındakı aerodroma və neft qurğularına hücumlarda istifadə edilən dron və raketlərin İran istehsallı olduğu qeyd olunur.
Pompeo bunu nəzərə alaraq deyib ki, İran hətta silah embarqosu başa çatmadan onu pozmağa başlayıb.
Birləşmiş Ştatlar İran üzərindəki embarqonun uzadılmasına müvəffəq olmasa, Vaşinqton Təhlükəsizlik Şurasından İran üzərindən nüvə sazişinə görə qaldırılmış bütün sanksiyaların bərpa olunmasını tələb edəcəyi ilə hədələyib.
Bir çox şərhçilər bu siyasətin faydalı olacağına şübhə edirlər, çünki ABŞ nüvə sazişini tərk edib.
Britaniya, Fransa və Almaniya da silah embarqosunun qaldırılmasından narahatdırlar, amma onlar İranın nüvə sazişini tamamilə tərk etməsinin qarşısının alınması üçün kompromis axtarışına dəvət edirlər.
Bununla belə, nüvə sazişinin avropalı tərəfləri İran üzərinə bütün BMT sanksiyalarının bərpa olunması məsələsində ABŞ-ı dəstəkləməyəcəklərini bildiriblər.