Prezident sitrus meyvələri, çay və çəltik istehsalına diqqəti artırır

İlham Əliyev Lənkəranda sitrus bitkiləri plantasiyasında, 2 sentyabr 2017

Dövlət başçısı İlham Əliyev sentyabrın 12-də Azərbaycanda sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sənəddə bu, qeyri-neft sektorunu inkişaf etdirmək, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğun artırılması məqsədi ilə izah edilir.

Sərəncamda vurğulanır ki, bu sahədə dayanıqlı inkişafın təmin edilməsi və ixrac imkanlarının genişləndirilməsindən ötrü əkin sahələrinin,məhsuldarlığın artırılması zəruridir.
Habelə, bildirilir ki, toxumçuluq, tingçilik təsərrüfatlarının inkişafı, kadr potensialının gücləndirilməsi və suvarma sistemlərinin təkmilləşdirilməsinə ehtiyac var.

Sərəncamda o da qeyd edilir ki, Lənkəran, Şəki, Yevlax, Ağdaş, Astara, Biləsuvar, Göyçay, Lerik, Masallı, Ucar, Zaqatala, Zərdab rayonlarında əkinəyararlı torpaqların müəyyən olunması və təsərrüfat subyektlərinə ayrılması təmin edilməlidir. Bu işi icra hakimiyyətləri və uyğun dövlət qurumları həyata keçirməlidirlər.

Bundan başqa, kənd təsərrüfatı və iqtisadiyyat nazirlikləri sözü gedən sahələrin inkişafına dair proqramların layihələrini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidirlər.

Eyni zamanda,“Aqrolizinq” ASCsitrus meyvələri, çay və çəltik istehsalçılarına zəruri kənd təsərrüfatı texnikasının lizinq yolu ilə icarəyə verilməsini, satılmasını təmin etməlidir. Habelə, ASC dövlət büdcəsi vəsaiti hesabına alınan pestisidlərin, mineral gübrələrin, tinglərin və toxumların güzəştli şərtlərlə satılmasını həyata keçirməlidir.

Nazirliklərə tapşırılır ki, çay istehsalçıları və ixracatçıları assosiasiyasının yaradılması ilə bağlı müvafiq tədbirlər də görülməlidir. Həmçinin vurğulanır ki, sözü gedən sahələrdə Sahibkarlığa Kömək Milli Fondu güzəştli şərtlərlə maliyyələşməni təmin etməlidir.

Sənəddə eyni zamanda sığorta məsələlri də öz əksini tapıb.