Azərbaycan prezidenti ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul edib 

Səfir Mark Libbi prezident İlham Əliyevə etimadnaməsini təqdim edir

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin (Mark Libby) etimadnaməsini qəbul edib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin perspektivlərinə, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Habelə bildirildiyinə görə, iqtisadi, enerji sahələrində və iki ölkənin biznes dairələri arasında əməkdaşlıq məsələlərinə toxunulub.

“Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə fikir mübadiləsi aparılıb”, məlumatda əlavə edilir.

ABŞ-ın yeni səfiri Azərbaycana hələ dekabrın 2-də gəlib. O, Azərbaycan dilində mətbuata qısa açıqlama verməklə kifayətlənib və Bakıya gəlişindən çox şad olduğunu bildirib. "Mən öz etimadnaməmi təqdim etmək, ABŞ-Azərbaycan əlaqələrini inkişaf etdirmək və regionda davamlı sülh naminə çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirəm", -- deyə o qeyd etmişdi.

Buna da bax: Azərbaycan dünya insan haqları hesabatında: ‘Narahatedici pozuntular davam edir’

ABŞ Senatı isə hələ noyabrın 8-də prezident Co Baydenin (Joe Biden) onun bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürməsini dəstəkləmişdi.

2022-ci ilin yayından, Li Litsenberqerin (Lee Litzenberger) bu postdan getməsindən bəri ABŞ-ın Azərbaycanda səfiri olmayıb. Bayden Libbinin namizədliyini həmin ilin mayında irəli sürüb, o vaxtdan Senat onun namizədliyini təsdiqləməmişdi.

Ötən ilin iyunun 14-də Senatda dinləmələr zamanı M.Libbi Qarabağla bağlı sülh danışıqları, insan hüquqları və ABŞ-Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair suallarla qarşılaşmışdı.

M.Libbi son vaxtlara qədər Vaşinqtondakı Milli Hərbi Kollecdə Dövlət Departamentinin fakültə məsləhətçisi vəzifəsində çalışıb.

Bundan öncə M. Libbi Brüsseldə Avropa İttifaqı yanında ABŞ missiyası rəhbərinin müavini olub. Varşava, Nikosiya və Bağdadda ABŞ missiyalarında siyasi məsləhətçi olaraq çalışıb.