Azərbaycan prezidenti İlham Əliyev bugün, mayın 27-də məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 168 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Habelə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 36 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Onlardan başqa, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad edilib.
Həmçinin,azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Sərəncam bütünlükdə 213 şəxsə şamil edilib.
Saleh Rüstəmli də azadlığa çıxacaq
Azadlığa çıxanlar arasında siyasi məhbus sayılan şəxslər də var.
Onlardan biri Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, çirkli pulların yuyulmasında ittiham edilərək 7 il 3 ay həbs cəzası alan Saleh Rüstəmlidir.
O, ötən ilin sonlarına doğru həbsinin qanunsuz olduğunu bildirərək 40 gündən çox aclıq aksiyası keçirmişdi.
Habelə hədələmə yolu ilə pul tələb etməkdə günahlandırılaraq 7 il ( sonra 6 ilə endirilib) həbs edilən Azel.TV saytının rəhbəri Əfqan Sadıqov da azadığıa çıxıb.
Siyasi məhbus siyahılarında yer alan və bu əfv sərəncamına düşən daha bir şəxs isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin sürücüsü Paşa Umudovdur. Ona isə narkotik ittihamı ilə 4 il 6 ay həbs cəzası verilmişdi.
Buna da bax: Bloqerin həbsdə işgəncəyə məruz qaldığı deyilir
Hüquq müdafiəçisi: “Əfv sərəncamı yarımçıqdır”
“Mövcüd hakimiyyətin elə bir dövrü olmayıb ki, həmin dövrdə siyasi və vicdan məhbusları olmasın”
Bunu Azadlıq Radiosuna Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov mayın 27-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını şərh edərkən bildirib.
Onun sözlərinə görə, əvvəlki ənənəvi əfvlər kimi bu dəfə də həbsdə olan bütün siyasi məhbusların hamısı azadlığa buraxılmayıb:
"Əlbəttə ki, bir neçə siyasi məhbusun - Saleh Rüstəmlinin, Paşa Umudovun, Əfqan Sadıqovun və 22 il Qobustan həbsxanasında həbsdə qalan Şəmsi Səmədzadə ( Ömürlük həbs cəzası alıb. Dövlət çevrilişinə cəhd və başqa cinayətlərdə ittiham edilib) barəsində əfv sərəncamının tədbiqini alqışlayırıq".
Onun fikrincə hazırkı əfv sərəncamı yarımçıqdır:
"Azərbaycanda 100-dən çox siyasi məhbus var. Könül istərdi ki, yerli və beynəlxalq hüquq müdafiə təşkilatların ortaya qoyduğu siyahılarda olanların hamısı azadlığa buraxılsın".
Buna da bax: Gürcüstan və Ermənistanda məhbus azalıb, Azərbaycanda artıb
Əliməmməd Nuriyev: “Əfv sərəncamı alqışlanmalıdır”
Azərbaycan Respublikası Prezidentinin yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə “Turan”a bildirib ki, hər əfv sərəncamı alqışlanmalıdır:
"Çünki insanlar azadlığa çıxır, onlar üçün yeni imkanlar yaranır".
Hüquq müdafiəçisi qeyd edib ki, mərhəmət və humanizm prinsipləri burada əsas götürülür.
Əfv olunanlardan 3-ü xaricidir
Əfvə tövsiyə edilən məhkumların biri Özbəkistan, biri - İran, biri isə Türkiyə vətəndaşıdır.
27-i şəxs…
Onun sözlərinə görə, əfvə düşənlərin 27-i isə hüquq müdafiə təşkilatlarının siyahısında qeyd olunan şəxsdir:
"Onlardan 3-ü jurnalist və bloqerdir, 3 nəfər siyasi partiyaların üzvüdür, yaxud da onlarla əlaqəli şəxsdir. 20 nəfər 2018-ci ildə Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir, 1 nəfər isə ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub".
Nuriyevin fikrincə bu, bir daha onu göstərir ki, “prezident İlham Əliyev hər Azərbaycan Respublikası vətəndaşının prezidentidir”.
Buna da bax: Azərbaycan azadlıqdan məhrumetməyə görə Avropada üçüncüdür
Xatırlatma
Bundan əvvəl Azərbaycanda ümümilikdə 67 əfv sərəncamı olub.
Bu sərəncamların nəticəsində 9 minə qədər şəxs azad edilib.
Sonuncu əfv sərəncamı 2021-ci il martın 18-də imzalanmışdı. Onda 475 məhbusun azadlığa qovuşduğu sənəddən 40-a yaxın siyasi məhbus sayılan şəxs də yararlanmışdı.
Bununla belə, bir sıra yerli hüquq müdafiə təşkilatları vurğulayırdılar ki, ölkədə, hələ də 100 civarında siyasi məhbus qalır.
Hərçənd, rəsmilər ölkə həbsxanalarında siyasi məhbusların olması fikrini qəbul etmirlər.
Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətmiş olduqları əmələ görə, məsuliyyətə alınıblar.