Azərbaycan Avropaya 5 mlrd. kubmetr qaz...

TANAP/TAP

"Cari ildə Azərbaycandan Gürcüstana təxminən 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya 5 milyard kubmetrdən çox təbii qazın ixrac edilməsi gözlənilir".

Bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbaz fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında deyib. Onun sözlərinə görə, həm TANAP-ın, həm də TAP-ın 2023-cü ilə qədər tam buraxılış qabiliyyəti ilə istifadə olunması nəzərdə tutulur: "Artıq "Şahdəniz" yatağından 137 milyard kubmetrlik qaz hasil edilmişdir və hazırda bu, əslində, Cənub Qaz Dəhlizinin əsas mənbəyidir. Beləliklə, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji təhlükəsizliyini gücləndirir, bazarları, istehlakçı ölkələr üçün mənbələri və marşrutları şaxələndirir. Xüsusi olaraq məhz Avropa İttifaqının Karbon Neytrallığı Prioriteti çərçivəsində Cənub Qaz Dəhlizi yanacağın iqlimə ən az təsir göstərərək təchiz edilməsi imkanlarını açır".

Prezident: 'Biz dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar mərhələsindəyik'

Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev iclasda çıxış edib.

Prezident çıxışında əvvəlcə, Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması münasibətilə təbrikini çatdırıb.

O, layihə haqqında da məlumat verib: “Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir...”

O deyib ki, layihənin ilkin dəyəri 44,6 milyard dollar hesablanıb:

“Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyəri 33 milyard dollara enmişdir. Bunun özü əhəmiyyətli bir nailiyyətdir. Çünki adətən tikinti layihələrinin icrası zamanı dəyər azalmır, əksinə, artır. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi vermişdir və biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində - “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak etmişik.”

Prezident habelə deyib ki, “biz hazırda dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar mərhələsindəyik”:

“Onların ikisi ilə biz artıq inşaat üçün zəruri sənədləri imzalamışıq. Bunların biri günəş, digəri isə külək enerjisi stansiyalarıdır ki, onların toplam gücü 440 meqavatdır. Bu layihələr 100 faiz xarici sərmayə hesabına icra olunacaq”.

Xatırlatma

Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də keçirilib.

Cənub Qaz Dəhlizi ilə Azərbaycan qazı Avropaya nəql edilir.

Bu layihə çərçivəsində hasil ediləcək qaz ünvanlara Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanistan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru vasitəsilə çatdırılmalıdır.

TAP (Trans-Adriatik Qaz Kəməri) və TANAP (Trans-Anadolu Qaz Kəməri) Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir.