Prezident İranın xarici işlər nazirini qəbul edib

M.C.Zərif və İ.Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, iki ölkənin ticarət dövriyyəsində artım var: "Biz bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir. Əlbəttə ki, regionda yeni vəziyyətin - münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir".

M.C.Zərif, öz növbəsində, Ermənistanla sülhə nail olmaq arzusunu təqdir edib: "Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq".

İranın xarici işlər nazirinin Ermənistana da səfəri gözlənir.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.