Prezident həmkarlarına kitab göndərəcəyini deyir

Azerbaijan -- President Ilham Aliyev participates in Nizami Ganjavi International Center’s web discussion-20May2021

"Mən həmkarlarıma bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab göndərəcəyəm"

"Mən həmkarlarıma bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab göndərəcəyəm"

AZƏRTAC-in xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Qoşulmama Hərəkatının Xarici İşlər nazirlərinin onlayn formatda aralıq konfransı zamanı çıxışında deyib.

O, qeyd edib ki, işğal dövründə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün abidələri qəsdən dağıdıb:

"Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunandan sonra ordumuz orada Azərbaycan bayrağını qaldırmaq üçün bir dənə də salamat bina tapa bilmədi. Onların hamısı Ermənistan tərəfindən dağıdılıb”.

Prezident əlavə edib ki, azad olunmuş ərazilərdə yenidənqurma işlərinə artıq başlanıb:

"Orada müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq."

Buna da bax: İşğaldan öncə Qarabağda kənd təsərrüfatının durumu necə idi?

Çətinlik minalardandır

Azərbaycan dövlət başçısı qeyd edib ki, əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır :

"2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. "

Onun fikrincə, Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin.

Amma son həftələr Azərbaycanda saxlanan Ermənistan hərbi qulluqçularından bir qisminin geri qaytarılması əvvəzində Ağdam, Füzuli və Zəngilan rayonunda basdırılan minaların xəritələrinin rəsmi Bakıya təhvil verildiyi açıqlanmışdı.

Buna da bax: Prezident  Əliyev Rusiya  Baş nazirinin müavinini qəbul edib  

Xatırlatma

2020-ci ildə 44 günlük müharibədə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.