Prezidentə müraciət edən AXCP üzvünün saxlandığı deyilir

arxiv foto

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətov martın 15-i günorta saatlarından sonra saxlanıb”

Bunu Azadlıq Radiosuna AXCP-dən bildiriblər.

Partiyadan verilən məlumata görə, Aqil Hümbətovun saxlanılmasına səbəb sosial şəbəkə vasitəsilə onun dövlət başçısı İlham Əliyevə müraciət etməsidir.

“A.Hümbətov dövlət başçısı İlham Əliyevə sosial məzmunlu müraciətlərində işisiz olmasını, 3 övlad böyütməsini, problemləri ilə yerli hakimiyyət orqanlarının maraqlanmamasını, karton satıb dolandığını qeyd edib”, partiyadan belə bildiriblər.

A.Hümbətov video müraciətində prezidentə bir neçə sual verib:

“ Niyə mən uşaqlarımı küçələrdən zibil yığmaqla dolandırmalıyam? Niyə görə, mən onları bir qarını ac, bir qarını tox saxlamalıyam?...”

Onun müraciətində prezidentə ittihamlar da yer alıb.

AXCP-dən deyiblər ki, Zirə kənd sakini olan A.Hümbətovun müraciəti sosial şəbəkədə yayılıb və bundan sonra martın 15-də onu Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə aparıblar.

“Bütün cəhdlərə baxmayaraq indiyə kimi A.Hümbətov barədə polis bölməsindən məlumat ala bimirik və yaxınlarına da bu barədə heç nə demirlər”-deyə partiyadan bildiriblər.

Bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.