Prezident daha bir çox qurumu ləğv etdi

Prezident İlham Əliyev bu gün, yanvarın 17-də Azərbaycanda bir sıra “dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi” ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, fərmana əsasən Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilir və onun funksiyaları Nazirliyin Aparatına verilir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Dövlət Xəzinədarlıq Agentliyi yaradılır. Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti də ləğv edilir. Bundan başqa, Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi də olmayacaq.

Sənədə əsasən, Bakıda, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi ərazi vahidlərində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında prezidentin 2012-ci il sentyabrın 5-də verdiyi fərmanın 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Həmin hissə vətəndaşlıq vəziyyəti, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatından tutmuş bir şox məsələləri əhatə edir.

Fərmanda həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saxlanılmasından ötrü dövlət büdcəsindən ayrılan vəsaitin yuxarı həddinin müəyyən edilməsi də öz əksini tapıb.

Prezident aparatına

Eyni zamanda Prezidentin Administrasiyasına tapşırıq verilib.

Bu hüquq mühafizə, hərbi sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının fəaliyyəti ilə bağlıdır. PA idarəçiliyin təkmilləşdirilməsi, eyni, oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

PA mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaqdan ötrü də təkliflər hazırlamalıdır.

Nazirlər Kabinetinə

Nazirlər Kabineti isə Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsinin və onun funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görməlidir.

Habelə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxananın vahid qurumda birləşdirilməsi də öz həllini tapmalıdır.

Bütün bunlardan başqa, Respublika Bədən Tərbiyəsi Mərkəzi və “Təhsil” Respublika İdman Mərkəzi vahid qurumda birləşdirilməlidir.

Xatırlatma

Son günlər dövlət başçısı bir sıra dövlət qurumları əsasında vahid bir qurumun yaradılması, bəzi qurumların isə ləğv edilməsi ilə bağlı bir sıra fərmanlar verib.

Hökümət bu fərmanları sturuktur islahatı kimi təqdim edir. Müxalifətin fikrincə, isə indi idarəetmə sistemində islahat yox, ixtisar aparılır.