ABŞ-da federal hakim Ədliyyə Nazirliyinin Concord Catering və Concord Management şirkətlərinə qarşı ittihamları dayandırmasına icazə verib.
Daha çox Rusiyanın “troll fabriki” kimi tanınan İnternet Araşdırmaları Mərkəzi bu şirkətlərin tabeçiliyindədir və onlara qarşı ittihamları xüsusi prokuror Robert Mueller irəli sürmüşdü.
Bu iş üzrə məhkəmə dinləmələri gələn ay başlanmalı idi.
Prokurorlar bildirmişdilər ki, onlar Concord Management şirkətinin məhkəmədə müdafiə olunmağa ciddi hazırlaşmadığı qənaətindədirlər.
Lakin məhkəmə Concord şirkətini bu işdən azad etsə də, ona qarşı ittiham sənədlərdə saxlanacaq.
Mueller “Putinin aşpazı” kimi tanınan oliqarx Yevgeniy Prigozhin də daxil bütövlükdə 13 rusiyalını 2016-cı ilin ABŞ seçkisinə müdaxilədə ittiham etmişdi.
Rəsmən İnternet Araşdırmaları Mərkəzi (İAM) kimi tanınan “troll fabrikinin” Prigozhin-ə məxsus olduğu bildirilir.
Prokurorlar yazırlar ki, hökumət bir neçə mülahizələrlə bu işə baxılmasını məqsədəuyğun hesab etmir.
Onlar qeyd edirlər ki, işin davam etdirilməsi ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziddir, çünki proses davam etsə idi, Rusiya şirkətinin vəkillərinə bir sıra həssas ABŞ sənədləri ilə tanış olmaq imkanı veriləcəkdi.
Concord şirkətinə, İAM və 13 rusiyalıyaqarşı ittihamlar Mueller-in irəli sürdüyü ən əhəmiyyətli ittihamlar idi.
Lakin ABŞ Ədliyyə Nazirliyi bildirib ki, hökumət hüquq-mühafizə orqanlarına və milli təhlükəsizliyə dair texniki vasitələrin açıqlanmasını istəmir.
Buna da bax: Ağ ev konqresmenləri informasiya istədiklərinə görə ‘topa tutur’
Vəkillər vaxt uzadırdılar
Prigozhin-in Concord Management and Consulting şirkəti qarşıdan gələn məhkəmədə təmsil olunmaq üçün vəkillər tutan yeganə cavabdeh idi.
İttihamın qalan fiqurantları Rusiyadadırlar və onların ABŞ-a ekstradisiya olunacaqları ağlabatan görünmür.
Ötən iki il ərzində bu şirkətin amerikalı vəkilləri Ədliyyə Nazirliyinə qarşı müxtəlif iradlar irəli sürməklə hər vasitə ilə vaxtı uzatmağa çalışırdılar.
Vəkillər bu ittihamlara xitam verilməsi üçün dəfələrlə müraciət etsələr də, bu vəsatətlər hər dəfə prezident Donald Trump-ın təyin etdiyi hakim Dabney Friedrich tərəfindən rədd edilirdi.
ABŞ Ədliyyə Nazirliyinin milli təhlükəsizlik departamentinin prokurorları hakimə izah ediblər ki, bu prosesin davam etdirilməsi ölkənin milli təhlükəsizliyinə hədə yarada bilər.
Prokurorlar qeyd edirdilər ki, hətta məhkum ediləcəkləri təqdirdə belə ABŞ-da olan bu müttəhimlərin real cəzalandırılması qeyri-mümkün olacaqdı.
Xüsusi prokuror Concord şirkətinin “troll fabrikini” sosial media vasitəsilə Trump-ın xeyrinə 2016-cı il ABŞ seçkisinə müdaxilə etdiyini qəbul etmiş və ittiham irəli sürmüşdü.