‘Putinin aşpazı’ ilə müdafiə naziri arasında çəkişmə qızışır

Kollaj: (soldan sağa) Sergey Şoyqu, Vladimir Putin və Yevgeni Priqojin

Kremlə bağlı biznesmen, Wagner özəl hərbi şirkətinin həmtəsisçisi və sahibi Yevgeni Priqojin rusiyalıları onun muzdlularına daha çox sursat verilməsi üçün Müdafiə Nazirliyinə təzyiq göstərməyə çağırıb.

Müdafiə Nazirliyi Priqojinin onun birləşməsinə sursat verilməməsinə dair iddialarını rədd edib.

Priqojin fevralın 22-də özünün teleqram kanalında yazıb:

"Əgər hər bir rusiyalı, nümayişlərə ehtiyac qalmasın deyə, sadəcə olaraq “Wagner-ə sursat verin” desəydi, bu çox faydalı hadisə olardı”.

Rusiya prezidentinə yaxınlığına görə “Putinin aşpazı” ayamasını qazanmış Priqojin iddia edib ki, sosial media şəbəkələrində artıq belə bir proses gedir.

Bundan bir gün əvvəl Priqojin müdafiə naziri Sergey Şoyqunu və Rusiya silahlı qüvvələri baş qərargahının rəisi Valeri Gerasimovu onun muzdlu qoşunlarına sursat verməməkdə ittiham etmiş, bunu “vətənə xəyanət” kimi qiymətləndirdiyini demişdi.

O bildirib ki, onun Ukraynanın Donbas vilayətində döyüşən əsgərlərinin bir qayda olaraq sursatının 80 faizi çatışmır.

Buna da bax: Putin həm də Moldovanın suverenliyi ilə bağlı fərmanı ləğv edib

Priqojindən üzr istəməsi və itaət etməsi tələb olunub

Rusiya Müdafiə Nazirliyi fevralın 22-də Priqojinin iddialarına cavab olaraq bildirib ki, Ukraynanın şərqindəki bütün könüllü hərbi briqadalar bütün sursat növləri ilə vaxtında təchiz edilir:

"Rusiya birlikləri arasındakı sıx əməkdaşlığa və dəstəyə nifaq salmaq cəhdləri əks-nəticələr verər və yalnız düşmənə xidmət edər”.

Priqojin bu bəyanatda şəxsən onun adı çəkilməsə də dərhal reaksiya verib və deyib ki, “Müdafiə Nazirliyinin bəyanatı Wagner özəl hərbi şirkətinin üzünə tüpürməkdir və buğun igidlik hərəkətləri nümayiş etdirən döyüşçülərə qarşı cinayətlərin ört-basdır edilməsi cəhdidir”.

Bundan iki gün əvvəl Priqojin Şoyqu və Gerasimovu Wagner özəl hərbi şirkətinə sursat verməməklə onu məhv etmək niyyətində ittiham etmişdi.

Priqojin əlavə etmişdi ki, muzdluların sursatla təchizatı üçün ondan “üzrxahlıq etməyi və itaət göstərməyi” tələb ediblər.

Vaqnerçilərin Donbasda ən ağır itkilərə məruz qaldıqları xəbər verilir

Priqojin Şoyqunu ittiham edir

Rusiyada Wagner özəl hərbi şirkətinin təsisçisi və sponsoru, Rusiya prezidentinə yaxınlığına görə “Putinin aşpazı” ayamasını qazanmış oliqarx Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini onun özəl hərbi şirkətini məhv etmək cəhdlərində ittiham edib və bunun “vətənə xəyanətə” bərabər olduğunu deyib.

Bəyanatı Priqojinin mətbuat xidməti dərc edib.

Bəyanatda deyilir ki, müdafiə naziri Sergey Şoyqu və Rusiya silahlı qüvvələri baş qərargahının rəisi Valeri Gerasimov Wagner şirkətinə sursat verilməsini qadağan ediblər:

"Baş qərargah rəisi və müdafiə naziri sağa-sola əmrlər verirlər ki, Wagner şirkətinə nəinki hərbi sursat verilməsin, hətta ona aviasiya nəqliyyatı ilə kömək də edilməsin. İndicə xəbər gəldi ki, siyahıdan istehkamçı bellərini çıxarıblar. Axı uşaqlar bununla özlərinə səngər qazırlar. Bu birbaşa qarşıdurmanı özəl hərbi şirkətin məhvinə cəhddən başqa heç nə ilə izah etmək olmur”.

Priqojin muzdluların dəfn olunduğu qəbirstanlıqda

Wagner özəl hərbi şirkəti ilə Müdafiə Nazirliyi arasında münaqişə artıq bir müddətdir ki, davam edir.

Dekabr ayında uniformalarında Wagner şirkətinin qol nişanı olan bir qrup muzdlu yazdıqları videomüraciətdə Gerasimovu nalayiq söyüşlərlə təhqir etmiş və ondan mərmi istəmişdilər.

Bugünlərdə Priqojin Ukraynanın Donetsk vilayətindəki Baxmut şəhəri ətrafında vuruşan muzdluların mərmilərlə təchizatında böhran yarandığını bildirmişdi. Amma o birbaşa Müdafiə Nazirliyinə qarşı heç bir ittiham səsləndirməmişdi.

Buna da bax: Soros: 'Ukraynada məğlubiyyət Rusiya imperiyasının sonu olacaq'

Şoyqunun qızına eyham

Priqojin iddia edir ki, Rusiya ordusunda mərmi qıtlığı yoxdur. O deyib ki, bu mərmilərin hansı anbarlara gətirildiyini, yük və hətta yeşik nömrələrini bilir, amma onun bütün tanışlıq və əlaqələri bu mərmilərin Wagner şirkətinə verilməsi üçün kifayət etmir.

Priqojinin muzdluları artıq yarım ildir ki, Baxmut üzərinə həmləyə keçə bilmirlər.

Sergey Şoyqunun qızı Kseniya

Priqojinin sözlərinə görə, 2022-ci ilin payızında Ukraynadakı Rusiya ordu qruplaşmasına general Surovikin komandanlıq edəndə Wagner şirkətinin mərmi problemi olmayıb, indi isə döyüşçülər funksionerlərin günahı üzündən həlak olurlar:

"Mən sizin qızıl qablarda səhər yeməyi yeməyinizi, rus əsgərinin cəbhədə həlak olduğu bir vaxtda qızlarınızı Dubaya istirahətə göndərməyinizi üzünüzə vurmuram. Anbarlarda olan sursatlardan bizə lazım olan qədərini verin”.

Görünür Priqojin bu sözləri ilə Sergey Şoyqunun qızının Yeni ili Dubayda qarşılamasına eyham vurub.

Buna da bax: ABŞ konqresmenləri Vaqner-i terrorçu siyahısına salmaq istəyirlər

Putin adını çəkmədi

Bundan əvvəl "Вёрстка" saytı yazmışdı ki, Wagner hərbçiləri Priqojinin Müdafiə Nazirliyi ilə münaqişəsinə görə həlak olan muzdluların cəsədlərini cəbhədən çıxara bilmirlər.

Wagner özəl hərbi şirkəti Rusiyanın qeyri-rəsmi hərbi birləşməsidir.

Bu birləşmə Suriyada, Afrika ölkələrində və Ukraynada gedən müharibələrdə iştirak edir.

Rusiya qanunları özəl hərbi şirkətlərin yaradılmasını qadağan edir. Priqojin etiraf edib ki, onun təşkilatı Ukrayna müharibəsinə görə mövcuddur.

Müdafiə Nazirliyinin məlumatlarında Wagner muzdlularının adı çəkilmir.

Rusiya prezidenti Vladimir Putin də fevralın 21-də Federasiya Şurasında etdiyi çıxışda Ukraynada döyüşən birləşmələrin sırasında muzdluların adını çəkməyib.