Priqojin Moskvaya hərbi yürüşü dayandırıb geri döndüklərini bəyan edib- onun Belarusa gedəcəyi bildirilir

"Vaqner" döyüşçüləri, Rostov-na -Donda

Peskov deyir Priqojina qarşı işə xitam veriləcək və o "Belarusa gedəcək"

Priqojinə qarşı cinayət işinə xitam veriləcəyi bildirilir. Bu barədə TASS Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.

Peskovun dediyinə görə Priqojin “Belarusa gedəcək”.

***

Rusiya paytaxtına çatmağa təxminən 200 kilometr qalmış "Vaqner" rəhbəri Priqojin Moskvaya doğru hərbi karvanın hərəkətini dayandrdığını bəyan edib.

Onun bu addımı atmasından əvvəl Belarus rəhbəri Lukaşenkonun mətbuat xidməti məlumat yayaraq bildirib ki, Lukaşenko Putinlə razılaşdırandan sonra Yevgeni Priqojinlə danışıqlar aparıb və onunla “Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi haqqında” razılığa gəliblər.

Bu məlumatın yayılmasından bir qədər sonra Priqojin audiomüraciətində "Vaqner " hərbi karvanını Moskvadan 200 km aralıda yerləşdirdiyini və “səhra düşərgələrinə” getdiklərini bildirib. Buna səbəb kimi o, qan tökmək istəməməsini əsas gətirib. Amma Lukaşenko ilə razılaşmalardan bəhs etməyib.

"Vaqner" gecə tutduqları Roston-na -Dondan da çıxmağa hazırlaşdığını bildirib.

Yerli media "Vaqner" döyüşçülərinin qarşısını almaq üçün qazılan yolkənarı səngərlərin artıq doldurulmağa başlandığını yazır.

‘Vaqner’-çilərin Rostov-na-Dondan sonra Voronejdeki hərbi obyektləri də nəzarətə aldığı bildirir

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti (Roskomnadzor) Yevgeni Priqojin rəhbərlik etdiyi “Patriot” media qrupunun internet resurslarına girişi bloklayıb. Söhbət xüsusilə RİA "FAN", "Xalq xəbərləri" və VKontakte şəbəkəsindəki PMC-lərlə əlaqəli resurslardan gedir.

"Vaqner"in Rusiyanın Yelets şəhərinə çatdığı bildirilir

"Vaqner" in hərbi texnika karvanının Lipetsk vilayətinin Yelets şəhərinə çatdığı bildirilir. (Bu şəhərdən paytaxt Moskvaya təxminən 450 km.) Gələn məlumatlara görə, şəhərın özündə polis əsas giriş-çıxış yollarını bağlayıb.

Lipetsk vilayətinin qubernatoru İqor Artamonov "Vaqner"ə məxsus texnikanın bölgədə hərəkətini təsdiqləyib. Bununla yanaşı rəsmilər vəziyyətin nəzarət altında olduğunu bildiriblər.

Priqojin deyir təslim olmaq fikirində deyilik

"Biz öz vətənimizin vətənpərvərləriyik, biz vaqnerçilər vuruşmuşuq və vuruşuruq. Və heç kim nə prezidentin, nə FSB-nin, nə də başqasının tələbi ilə təslim olmaq fikrində deyil", - Priqojin Rusiya prezidenti Vladimir Putinin xalqa müraciəti zamanı səsləndirdiyi fikirlərə belə reaksiya verib.

Priqojin (ortada)

Beynəlxalq reaksiyalar

Avropa İttifaqı Rusiyadakı vəziyyəti izləyir və baş verənləri Rusiyanın daxili işi hesab edir. Bu barədə Avropa Komissiyasının nümayəndəsi “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojinin üsyan çağırışlarını şərh edərkən bildirib.

Polşa prezidenti Anjey Duda isə Rusiyadakı vəziyyətlə bağlı hökumət başçısı və ölkənin Milli Müdafiə Nazirliyi ilə məsləhətləşmələr apardığını bildirib. O, Rusiyada baş verənlərin daimi müşahidə altında olduğunu deyib

Böyük Britaniyanın Müdafiə Nazirliyi Priqojinlə bağlı hadisələri son dövrlərdə Rusiya dövlətinə qarşı ən ciddi çağırış adlandırıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Adam Hodc (Adam Hodge) “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Vaşinqton vəziyyəti izləyir.

“Biz müttəfiqlər və tərəfdaşlarla məsləhətləşəcəyik”, - Ağ Ev nümayəndəsi bildirib.

***

Reuters "Vaqner" muzdlularının Voronejdə də bütün hərbi obyektlərə nəzarəti ələ keçirdiyini yazır.

Agentlik Rusiya xüsusi xidmət orqanlarındakı mənbəyə istinad etdiyini bildirir.Bundan əvvəl Voronej vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib.

***

Rusiyanın Moskva şəhərində, eləcə də Moskva və Voronej vilayətlərində "antiterror əməliyyatı" rejimini tətbiq edilib. Bu barədə RİA Novosti məlumat yayıb. Bundan başqa o da qeyd olunur ki, Tula vilayətində “antiterror tədbirlərinin gücləndirilməsi ilə əlaqədar” yerli hakimiyyət həftəsonuna planlaşdırılan bütün kütləvi tədbirləri ləğv edib.

Vladimir Putin, 24 iyun 2023

Baş verən hadisələrlə bağlı Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edib. O çıxışında indi baş verənləri 1917-ci il inqilabı ilə müqayisə edib, bunun xarici düşmənlərin Rusiyanı daxildən dağıtmaq planı olduğunu deyib.

Onun sözlərinə görə, ölkənin dağıdılmasına yönəlik bu hadisə orduya və xalqa arxadan vurulan zərbədir. "...belə zərbə Rusiyaya 1917-ci ildə, ölkə birinci dünya müharibəsində olduğu ərəfədə vurulub, onun qələbəsini oğurlayıblar...bu dövlətçiliyin məhv olması, böyük ərazilərin itirilməsi və vətəndaş müharibəsilə nəticələnib."

Putin Rostov-na-Donda mülki və hərbi hakimiyyət orqanlarının işinin praktiki olaraq əngəlləndiyini etiraf edib.

"Rostov-na-Donda vəziyyəti sabitləşdirmək üçün qətiyyətli addımlar atılacaq...", - Putin bildirib.

Buna da bax: Rusiyanın muzdlu döyüşçü şirkətləri. Kim kimdir

Priqojin deyir Rostov-na-Dondakı hərbi obyektlərə vaqnerçilər nəzarət edir

Priqojin Rostov-na-Dondakı bütün hərbi obyektlərin artıq "Vaqner"in nəzarətində olduğunu bildirir.

Priqojinə yaxın teleqram kanallarının yazdığına görə, "Vaqner" rəhbəri bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov onlara verilməsə Rostov-na-Donu blokadaya alıb sonra Moskvaya getmək niyyətindədirlər.

Videoda Priqojin Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və bir gün əvvəl vaqnerçilərə müraciət edərək, baş verənləri dövlət çevrilişi cəhdi adlandıran general Vladimir Alekseyevlə danışır. Videonun Rostov-na-Dondakı Cənub Hərbi Dairəsinin qərargahının həyətində lentə alındığı bildirilir.

Vaqnerçilər artıq Voronejə daxil olduqlarını bildirirlər.

Şahidlər və "Vaqneritlər" özləri PMC döyüşçülərinin nizami ordu əsgərlərinin müqaviməti ilə qarşılaşmadan Rostov-na-Don küçələrində sürdüyü videoları dərc edirlər.

***

"Vaqner" muzdlu döyüşçülərinin rəhbəri Yevgeni Priqojin şənbə günü gecə saat 01:00 radələrində Rostov-na-Dona daxil olduqlarını bəyan edib. Bu məlumatın rəsmi təsdiqi olmasa da sosial şəbəkələrdə "Vaqner"çilərin Rostova daxil olduğu iddia olunan videolar yayılmaqdadır.

Priqojinin iddiasına görə, sərhədçilər və digər əsgərlər onların irəliləməsinə mane olmayıblar, əksinə mehribanlıqla qarşılayıblar.

Priqojinin sözlərinə görə, Rusiya Baş Qərargahı "Vagner" karvanına qarşı havadan zərbə endirmək əmri versə də pilotlar bu əmri yerinə yetirməkdən imtina ediblər.

Buna da bax: Rusiya Priqojinin qiyam qaldırdığını bildirir

Priqojin axşam saatlarında onlara atəş açan iki helikopterin vurulduğunu bildirib.

Hələki bu məlumatları müstəqil və rəsmi mənbələrdən təsdiqləmək mümkün olmayıb.

Rostov-na-Don və Krasnodar diyarından gələn xəbərlərə görə, ictimai müşahidə kameralarının fəaliyyəti dayandırılıb. Yerli nəşrlər Rostov-na-Dona girişlərin bağlandığını, yollara hərbi texnikaların çıxarıldığını yazır.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev telegram kanalında yazıb ki, hüquq-mühafizə orqanları region sakinlərinin təhlükəsizliyini təmin etmək üçün lazım olan tədbirləri görməkdədirlər.

Şənbə günü, iyunun 24-ü səhər saat 5 radələrində Voronej vilayətinin hökuməti sakinlərə "hərbi texnika karvanının M-4 Don şossesi ilə hərəkət etdiyini" bildirib və vətəndaşları müvəqqəti həmin yoldan istifadə etməməyə çağırıb.

Amma xəbərdarlıqda hərbi karvanın hansı quruma məxsus olduğu deyilməyib.

Rostov kanalı 161.ru-nun şənbə günü səhər tezdən yazdığına görə, kamuflyaj geyimli naməlum şəxslər Cənub Hərbi Dairəsinin qərargahını, şəhərin mərkəzindəki polis idarəsini, Daxili İşlər Nazirliyinin və FSB-nin regional idarələrini mühasirəyə alıb.

OSINT layihəsinin yaradıcısı Ruslan Leviev isə bildirib ki, videoda görünənlər “Vaqnerçilər” yox, Rusiya ordusunun hərbçiləridir.

TASS xəbər agentliyinin yaydığı fotolarda isə onların "vaqnerçilər" olduğu vurğulanır. Yerli hakimiyyət orqanları hələki yayılan video və digər məlumatları şərh etməyiblər.

Moskvaın meri Serqey Sobyanin isə Moskvada antiterror tədbirlərinin həyata keçirildiyini və yollarda nəzarətin gücləndirildiyini deyib.

İyunun 23-də "Vaqner" rəhbəri Yevgeni Priqojin Rusiya qoşunlarının onun bölmələrinin arxa cəbhəsinə raket zərbələri endirdiyini və çoxsaylı itkilərin olduğunu açıqlayıb.

O, Rusiya hərbi rəhbərliyini cəzalandırmaq üçün Moskvaya doğru hərəkətə başlaqdıqlarını bəyan edib.
Rusiya Müdafiə Nazirliyi isə Priqojinin mesajlarını saxta və təxribat adlandırıb. Rus generalları "Vaqner" döyüşçülərini Priqojinin əmrlərini yerinə yetirməkdən imtina etməyə çağırıblar.

Rusiya Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı üsyana çağırış maddəsi ilə cinayət işi başlandığını elan edib. Bununla yanaşı Rostov vilayətində və Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib.