Problemli kreditlərlə bağlı qorxulu gözləntilər

Moody's

-

«Azərbaycanın bank sisteminin əlavə kapitallaşmaya ehtiyacı var».

Bunu APA-ya «Moody`s Investors Service» beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidentləri Maria Malyukova və Petr Paklin bildirib.

«Moody’s» rəsmiləri qeyd ediblər ki, Azərbaycan banklarının stress-testini təşkil ediblər:

«Stress-testlər iki ssenari üzərində qurulur. Birinci ssenari baza stress-testi aparılır. Bu bankların aktivlərinin ümumi həcminin bazarda payı 57 faiz təşkil edir. O, suveren analitiklərin makroiqtisadi proqnozları üzərində qurulur. Analitiklər hesab edir ki, 2016-cı ildə ÜDM 3.3 faiz azalacaq. Bundan başqa, baza ssenarisi bizim problemli kreditlərlə bağlı proqnozlarımıza əsaslanır. Bizim proqnozumuza əsasən, bu ilin sonunadək sistem üzrə problemli kreditlərin həcmi 20 faizədək artacaq. Təbii ki, biz Azərbaycan Beynəlxalq Bankının 500 milyon manatlıq kapitallaşma ilə bağlı planlarını nəzərə almışıq».

Maria Malyukova və Petr Paklin-in alternativ dediyi ikinci ssenari daha stressli ehtimallara əsaslanır. Onlara görə, bu ssenari ÜDM-in 8 faiz azalması ilə bağlı makroiqtisadi proqnoza və problemli kreditlərin 35 faizə qədər artması ilə bağlı gözləntilərə əsaslanır. «Nəticə göstərir ki, kapitallaşma səviyyəsi neqativ zonaya, daha dəqiq desək -2.8 faiz səviyyəsinə düşüb. Başa düşdüyünüz kimi, söhbət daha faciəvi ssenaridən gedir. Aydındır ki, bu halda sistemin ciddi əlavə kapitallaşmaya ehtiyacı var. Təbii ki, əsas vurğunu baza ssenarisinə etmək lazımdır», - deyə M.Malyukova bildirib.

M.Malyukova deyib ki, bankların əlavə kapitallaşmasına ehtiyac var: «Devalvasiyadan ciddi zərər çəkən bəzi bankların əlavə kapitallaşmaya ehtiyacı var. Proqnozlarımıza əsasən, bu tip bankların kredit portfeli daralmağa davam edəcək. Səhmdarlardan kömək istəmək məcburiyyətindədir. Biz bu mövzuda bəzi banklarla söhbətləşmişik və onlar bildirib ki, bu istiqamətdə aktiv danışıqlar gedir».

Söhbətdə ölkənin bank sektorundakı dollarlaşmaya da toxunulub. Qeyd edilib ki, 2015-ci ilin sonuna depozitlərin 82 faizi xarici valyutada yerləşdirilib. Bu, MDB ölkələri arasında ən yüksək göstəricidir. «Moody’s» rəsmiləri qeyd ediblər ki, manata inamın bərpa etməyə vaxt lazımdır.