Prokuror sabiq nazirin qardaşına 12 il həbs cəzası istədi

V.Talıbov və Ə.Əhmədov

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədova 12 il həbs cəzası istənilib. Yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib.

Prokuror deyib ki, Ə.Əhmədova CM-nin 145.1 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə verilən ittihamlar məhkəmədə zərərçəkmişlərin özlərinin, şahidlərin ifadələri ilə sübuta yetirilib.

Zərərçəkmişlərdən Rəşad Tahirov deyib ki, Ə.Əhmədova ağır cəza verilməsini istəmir. Amma ondan alınan 140 min dolların geri qaytarılmasını tələb edir.

Özü də hazırda başqa bir cinayət işinə görə həbsdə olan digər zərərçəkmiş Hörmət Əsgərov isə Ə.Əhmədova qarşı şikayətinin və tələbinin olmadığını söyləyib. H.Əsgərov sabiq nazirin qardaşının onu vurduğunu, üstünə qaynar çaydanı atdığını təsdiqləsə də, bütün bunlara baxmayaraq, ondan şikayətçi olmadığını bildirib.

Fevralın 6-da keçiriləcək növbəti məhkəmə iclasında Ə.Əhmədovun vəkili müdafiə çıxışı edəcək, özü də son sözünü deyəcək.

İttihamda yazılıb ki, Ə.Əhmədov 2016-cı ilin iyununda polkovnik H.Əsgərova sələmlə 100 min dollar pul verib. H.Əsgərov pulu və faizini qaytara bilməyib. Buna görə də Ə.Əhmədov onu özünə məxsus «Park Plyus» əyləncə mərkəzinə çağırıb, qapını bağlayaraq çıxmağa qoymayıb. Deyib ki, pul qaytarılana qədər burada girov qalacaq. İddia olunur ki, həmin vaxt H.Əsgərovu vurub da. Sonra öyrənib ki, H.Əsgərovun Rəşad adlı qohumu ona kömək edəcəyinə söz verib. Ona görə R.Tahirova mesaj yazaraq onu və ailə üzvlərini məhv etməklə hədələyib. Son nəticədə R.Tahirovdan 140 min dollar pul alıb.

Zərərçəkənlərdən H.Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti İdarəsinin rəisi, tibb xidməti polkovnikidir. 2015-ci ilin dekabrında müdafiə naziri Zakir Həsənovun əmriylə vəzifəsindən azad edilib. O da hazırda həbsdədir, dələduzluqda ittiham olunur. Məhkəməyə də istintaq təcridxanasından gətirilir.

Əhməd Əhmədov 2000-2017-ci illərdə Naxçıvanın daxili işlər naziri olub. O, vəzifədən azad edildikdən sonra isə onun qardaşı Əvəz Əhmədova ittiham irəli sürülüb.

Ə.Əhmədov özünü təqsirli bilmir. Deyir ki, pulu R.Tahirovun özünə birgə biznes məqsədilə vermişdi və onu tələb edirdi.