1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkiminin vəzifəsindən azad olunduğu bildirilir. Bu barədə "Turan"a Səhiyyə Nazirliyindən deyilib.
Bildirilib ki, xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.
Bir neçə gün əvvəl Xətai rayonu, 3 saylı Uşaq Evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların yetərsizliyindən şikayətlənmişdi. Daha sonra onun qardaşının razılığı ilə Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilmişdi. Bəzi yerli saytlarda yer alan məlumatlara görə, xəstəxananın baş həkimi Rəsulov isə açıqlamasında yeniyetmənin ruhi xəstə olmadığını, uşağın diaqnozunun sosiopatiya olduğunu vurğulayıb. Bildirildiyinə görə, baş həkim habelə deyib ki, yeniyetməni uşaq evinə göndərmək istəsələr də, uşaq evinin müdiriyyəti onu qəbul etmir.
Hazırda Rəsulovla əlaqə saxlamaq mümkün olmadığından nə həmin məlumatların doğru olub-olmadığına, nə də Səhiyyə Nazirliyinin açıqlamasına ondan münasibət almaq mümkün olub.
Buna da bax: Uşaq evinin müdiri: 'Xəcalətdən ölürəm'