Prezidentin getdikcə daha çox dövlət qurumunu publik hüquqi şəxsə çevirməsi nəyə xidmət edir? Bu, sıravi vətəndaşların cibinə, ailə büdcəsinə necə təsir edəcək?
Məsələn, keçən ilin sonunda prezidentin sərəncamı ilə “Azəravtoyol” dövlət agentliyi publik hüquqi şəxsə çevrildi.
2016-cı ildə doqquz qurum publik hüquqi şəxs yaradılmışdı.
Hüquqşünas Xalid Ağalıyev deyir ki, qanun indi publik hüquqi şəxslərə sahibkarlıq fəaliyyəti göstərib, özü özünü maliyyələşdirməyə imkan verəcək.
Buna da bax: Sahibkarlığa yardım edəcək agentlik yaradılır
İqtisadçı, keçmiş deputat Nazim Bəydəmirli deyir ki, publik hüquqi şəxslərin yaradılmasının həm müsbət həm də mənfi cəhəti var. Əgər bununla dövlət büdcəsinin yükü azalacaqsa, bu, yaxşı haldır. Amma indiki halda, əhalinin pul gəlirləri azalan şəraitdə bu, yükü vətəndaşın üzərinə qoymaqla nəticələnə bilər:
İşsizliyin artdığı bir dövrdə əhalini dövlət mülkiyyətində olan publik hüquqi şəxslər adı altında əhalidən əlavə vəsaitlərin alınması insanları xərclərini artırır.
İki il əvvəl publik hüquqi quruma çevrilən qurumlardan biri də Dövlət İmtahan Mərkəzidir. Bu qurum Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin bazasında təsis edilib, publik hüquqi şəxsə çevriləndən sonra imtahanlarını pulla aparmağa başlayıb.
Buna da bax: Dövlət orqanları vakant yerləri gizlədirlər
Nazim Bəydəmirli deyir ki, Dövlət İmtahan Mərkəzi öz sahəsində inhisarçı olduğundan qiyməti də diktə edir.
İctimai Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev də deyir ki, ilk yaradılan publik hüquqi şəxslərdən biri - Maliyyə bazarlarına nəzarət palatası da tətbiq etdiyi qiymətləri necə formalaşdırıb - bu barədə ictimaiyyətə məlumat verilmir.
Deputat Zahid Oruc keçən il iyunun 22-də qafqazinfo.az saytına müsahibəsində bildirib ki, publik hüquqi şəxsə çevrilmə dövlət büdcəsindən maliyyələşmənin tam aradan qalxması anlamına gəlmir, amma proses buna gedir.
Buna da bax: Şadlıq sarayları hər gün qonorar ödəyəcək
Deputat bildirib ki, bu yükü illər ərzində dövlət daşıyıb, indi tamamilə fərqli bir təsərrüfat fəaliyyəti qurmağa ehtiyac var.
Əgər söhbət dövlət büdcəsinin yükünü azaltmaqdan gedirsə, sıravi vətəndaşlar nə düşünür?
"Qənaət eləmək üçün büdcədə hansı sahənin pulunu azaltmaq lazımdı?"
Bakıda keçirdiyimiz küçə sorğusunu təqdim edirik.
2016-cı ildə yaradılmış publik hüquqi şəxslərin büdcənin yükünü azalda bilibmi? İqtisadçı Azər Mehtiyev isə deyir ki, bu qiymətləndirməni aparmaq hələ tezdir, bir qədər zaman lazımdır, proses gedir. Azər Mehdiyev deyir ki, büdcənin yükünü azaltmaq üçün kompleks yanaşma lazımdır.
Buna da bax: Xəstəxanalar publik hüquqi şəxs statusu alacaq
Büdcənin yükünün azaldılması xüsusi bir araşdırma tələb edir ki, Azərbaycan büdcəsi necə tərtib olunur, hara yönəldilir və nə qədər səmərəli istifadə olunur. Bununla bağlı ciddi problemlər var, bilirik ki, bu planlaşdırma hələ də demək olar ki, Sovet dövründən qalma yolla tərtib olunur. Bundan imtina olunmalıdır və biz nəticəyə yönəlik büdcə sisteminə keçməliyik.
İqtisadçı Nazim Bəydəmirli isə deyir ki, büdcənin yükünü azaltmaq üçün çoxlu sayda lazımsız dövlət qurumlarını ləğv etmək və ya birləşdirmək, büdcə xərcləmələrində şəffaflığı təmin etmək olardı.
Buna da bax: Dövlət xəstəxanaları publik olandan sonra... [video]
Publik hüquqi şəxslər haqqında qanuna 2015-ci ildə qəbul olunub. Bu, Azərbaycan büdcəsinin, neftin ucuzlaşması səbəbindən kiçilməyə başladığı dövrə təsadüf edir. Eyni səbəbdən, hökumət bəzi xərcləri, o cümlədən, məcburi köçkünlərə verilən bəzi kompensasiyaları azaldıb, bəzi cərimələri artırıb. Əhalinin gəlirləri də azalıb, istehlak qiymətləri rəsmi rəqəmlərə görə təkcə ötən il 18 faizə qədər bahalaşıb.