Maliyyə naziri Samir Şərifov deyib ki, gələn ildən başlayaraq, ölkə üzrə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması planlaşdırılır. Bu və digər təhsil tədbirləri üçün büdcədən əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulur.
Trend agentliyinin məlumatına görə, bunu, nazir Samir Şərifov Milli Məclisinin noyabrın 27-də keçirilən iclasında, büdcənin ikinci oxunuşu zamanı deyib.
Büdcə bu dəyişiklə 2-ci oxunuşdan keçib.
İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, bu vəsait dövlət sifarişlərinin sayını artıra bilməyəcək, onun sözlərinə görə, bu pul yalnız hazırda pulsuz təhsil alanlara xərcləməyə yetəcək:
“Ola bilsin ki, bu tələbələrin təqaüdləri artsın. Amma büdcə hələ təsdiqlənməyib, biz bilmirik başqa hansı dəyişikliklər olacaq. Dövlət sifarişi ilə yerlərin sayını artırmaq üçün sistem dəyişdirilməlidir. Bununçün isə 150-170 milyon manata qədər pul lazımdır”.
Hazırda Azərbaycanda ali təhsilin təqribən 70 faizi pulludur.
Şirvan şəhərindən gəlib Bakıda, Texniki Universitetde təhsil alan Orxan İsrafilov deyir ki, təhsil haqqına hər il 1800 manat ödəyir və bu pulu tapmaq ailə üçün asan deyil:
“İldə 1800 manat ödəyirəm. Evpulu verirəm, yemək pulu. Əziyyət çəkirik. Vəziyyəti pis olan tələbələr var. Təhsil haqqından azad olunsa, daha yaxşı olar”.
Müxalifətdə olan ReAl Partiyası isə bu günlərdə qanunvericilik təşəbbüsü ilə çıxış edib, imzatoplama kampaniyasına başlayıb. Burdakı üç təklifdən biri – həm özəl, həm də dövlət hesabına təhsilin tamamilə pulsuz olmasıdır.
Partiyadan bildirirlər ki, ali təhsilin maliyyələşdirilməsinə büdcə ayırmaları Azərbaycanda ÜDM-in 0,2 faizini təşkil edir, inkişaf etmiş ölkələrdə isə bu, ən azı 1 faizdir.
“Hörmətli Samir Şərifovun təklifi…”
ReAl Partiyasının icra katibi Natiq Cəfərli deyir ki, onlar imzatoplama kampaniyasını davam etdirəcəklər, çünki Samir Şərifovun təklifi onları qane etmir:
“Hörmətli Samir Şərifovun təklifi yarımçıq təklifdir, əlbəttə ki, bu, ali təhsilin tamam pulsuz olması ideyasını əhatə etmir və əlbəttə ki, bizi qane edə bilməz. Bizim əsas istəyimiz ondan ibarətdir ki, gələn ilin dövlət büdcəsindən əlavə olaraq 150 milyon manat vəsait ayrılsın və ali təhsilin pulsuz olması təmin edilsin və gələn il ərzində təhsil qanunlarına dəyişiklik edilərək həm təhsilin keyfiyyətinin yaxşılaşdırılması yolunda, həm də ali təhsilə çıxış imkanlarının asanlaşdırılması yolunda addımlar atılsın”.
ReAl Partiyası öz təşəbbüsündə iddia edir ki, əhali nisbətləri nəzərə alınmaqla, əmək bazarında ali təhsilli Azərbaycan vətəndaşlarının sayı Gürcüstan və Ermənistanla müqayisədə iki dəfə azdır və neft gəlirlərindən formalaşan büdcədən bütün ali məktəb xərcləri ödənilməlidir.
Təhsil Xidmətləri Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov AzadlıqRadiosuna deyib ki, Azərbaycanda ali təhsilli insanların sayı azdır, vətəndaşların cəmi 17 faizi ali təhsillidir, bu isə dövlətin qarşıya qoyduğu konsepsiyaya uyğun deyil.
Onun sözlərinə görə, vətəndaşların dövlət hesabına təhsil almaq imkanları artırılmalıdır.
Bahar Muradova: “Burada qəbahət heç bir şey yoxdur"
Bu gün, noyabrın 28-də Müəllimlərin 15-ci qurultayında, Milli Məclisin vise-spikeri Bahar Muradova deyib ki, ailələr də təhsilə pul xərcləməlidir:
"Valideynlərin də övladları ilə birlikdə təhsilalma prosesində iştirakına ciddi diqqət yetirməliyik. Ailənin öz maddi imkanını öz övladının təhsilinə yönəltməsində qeyri-adi bir şey yoxdur. Bəzən cəmiyyət bunu birmənalı qarşılayır. Burada qəbahət heç bir şey yoxdur".
AzadlqıRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:
Sizin brauzer HTML5-i dəstəkləmir
Bu ilin dövlət büdcəsində yenə də əsas xərcləri tikinti infrastruktur xərcləri tutur və tənqidçilər bu sahənin xərclərinə ictimai nəzarətin çətin olduğunu deyirlər.
Gələn ilin dövlət büdcəsinin gəlir hissəsinin təqribən 23 milyard, xərc hissəsinin 25 milyard manat olması nəzərdə tutulur.