Putinin adı seçki bülletenində ‘göz çıxardır’

Rusiya prezident seçkisinin bülleteni və Rusiya pasportu

Müxalifət siyasətçisi Aleksey Navalnı martda keçiriləcək Rusiya prezidenti seçkisinin Putinin “təkrar təyinatından” başqa bir şey olmadığını bildirmişdi.

Navalnı rusiyalıları bu seçkinin hamılıqla boykotuna çağırıb və o vaxtdan bəri seçki cığallığının ən kiçik təzahürlərini də gözdən qaçırmır.

Götürək elə seçki bülletenlərini.

Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin təsvirini fevralın 8-də bütün 8 namizədin rəsmən qeydə alındığı gün açıqlayıb.

Navalnı martın 18-də qutulara salınmalı olacaq bu bülletinin şəklini özünün Tvitter hesabından yayıb. Bülletenlərdə namizədlərin adlarının əlifba sırası ilə yazıldığı bildirilir.

Amma “iş elə gətirib” ki, bu seçki bülletinində Putinin adı səkkiz namizədin düz ortasına düşüb və onun qrafası ən azı visual baxımdan dərhal gözə çarpır.

Navalnı tvitində yazıb: “Elə bir tək bülletenin görünüşü bu seçkiyə qatılmağa dəymədiyini göstərir. Bu əsl rüsvayçılıqdır. Putinin təkrar seçilməsidir. Bu seçkidə iştirak etməyin. Boykot edin. Seçici tətilinə qatılın”.

Mərkıəzi Seçki Komissyasının sədri Ella Pamfilova seçki bülleteninin görünüşündə Putinə “üzgörəlik” edildiyinə dair iddiları rədd edib.

O TASS dövlət xəbər agentliyinə deyib ki, “hər bir iş qanuna uyğun görülüb”.

O bildirib ki, Putinin titulu daha qısa olduğundan onun qrafası boş qalıb: “Daha nə yazmalıydıq ki?”

Buna baxmayaraq rusiyalılar sosial mediada bülletenə lağ edirlər.

Populyar Slon.ru saytının redaktorlarından Roman Fedoseyev Tvitterdə yazıb:

“Ay uşaqlar, Putin hanı? Mən nəsə onun adını seçə bilmirəm. Nə qəliz bülletendir bu…”

Genocide of the Eclairs adlı istifadəçi isə yazır ki, “bütün digər namizədlərin tam bioqrafiyası verilib, amma Putinə nə bioqrafiya? Çardır ki, çardır!”

Artyom Deryagin yazır ki, o tamam başqa bir şey gözləyirdi: “Mən də deyirdim ki, Putinin soyadını azı qalın şriftlərlə, rəngli çərçivədə yazarlar, heç olmasa bir ox işarəsi qoyarlar”.

Viktor Kojuxar yazır: “Putin burda bütün əfəlləri hərifləyib.”

Meduza xəbər saytı isə yazısına belə bir başlıq qoyub: “Kiminsə adı göz çıxardır”. Bu cümlədən sonra gözvuran emoji də qoyulub.

Putinin az-çox sanballı rəqibi sayılan Navalnı martın 18-də keçiriləcək seçkiyə buraxılmayıb. Onun namizədliyi, üzərində cinayət məsuliyyəti olması bəhanəsi ilə qeydiyyata alınmayıb.

Kremlin ölkə boyunca bütün güc alətlərinə malik olduğu bir şəraitdə, 1999-cu ildən bəri hakimiyyətdə olan Putinin bu seçkidə də qalib gələcəyi gözlənilir.

Lakin siyasi şərhçilərin dediyinə görə bu seçkidə 65 yaşlı namizədə seçkidə mümkün qədər çox seçicinin iştirakı lazımdır. Belədə onun uzun sürən hakimiyyətinin legitimliyi barədə nəsə demək mümkün olacaq.