Vladimir Putin Rusiya prezidentliyinə beşinci dəfə inauqurasiyadan sonra ilk xarici səfərini Çinə edəcək.
Kremlin rəsmi saytında bu səfərin 16-17 mayda yer alacağı bildirilir.
Səfərin proqramına görə paytaxt Pekin və Xarbinə səfər edəcək Putin orada Çin Xalq Respublikasının sədri Si Tsinpin və Çin hökumətinin başçısı Li Tsyanla danışıqlar aparacaq, habelə Rusiya-Çin münasibətlərinə həsr edilmiş bir sıra təbirlərdə iştirak edəcək.
Bundan əvvəl Bloomberg xəbər verirdi ki, Putin bu səfərdən iki ölkə arasında mal dövriyyəsinin artırılması üçün istifadə edə bilər.
2024-cü ilin mart ayında Çindən Rusiyaya ixrac 16 faiz azalıb.
Çin Rusiyaya dəzgahların, elektronika və başqa malların ixracını davam etdirir və Moskva bu mallardan Ukraynaya qarşı müharibəsində istifadə edir.
Əvəzində Çin Rusiyadan enerji daşıyıcıları almaqla bu ölkənin büdcəsinə xeyli gəlir gətirir.
Buna da bax: Putin Patruşevi özünə köməkçi etdiQərbin xəbərdarlığına baxmayaraq
ABŞ dövlət katibi Antoni Blinken aprel ayında Çini Rusiyaya ikili təyinatlı mallar ixrac etdiyinə görə dolayısı ilə sanksiyalarla hədələmişdi.
O bildirmişdi ki, Pekin Moskvaya belə dəstəyini davam etdirsə, sözü gedən sanksiyalara hədəf olacaq.
Ötən həftə Si Tsinpinin Avropaya səfəri zamanı Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Çin liderini Moskva üzərindəki nüfuzundan istifadə edərək Ukraynada müharibənin başa çatdırılmasına kömək etməyə çağırmışdılar.
Buna cavab olaraq Si Tsinpin demişdi ki, Çin münaqişə tərəfi deyil, amma sülhə tərəfdardır.