Putin məmurlara ikili vətəndaşlıq icazəsi verən fərman imzalayıb

Separatçı Donetskdə Ukrayna vətəndaşına Rusiya pasportunun verilməsi

Prezident fərmanında qeyd olunur ki, söhbət xarici pasportdan, onlardan asılı oplmayan səbəblərə görə imtina edə bilməyən şəxslərdən gedir

Rusiya prezidenti Vladimir Putin xarici vətəndaşlığı olan Rusiya vətəndaşlarının dövlət və bələdiyyə xidmətlərində çalışmasına icazə verib.

Prezident fərmanında qeyd olunur ki, söhbət xarici pasportdan, onlardan asılı oplmayan səbəblərə görə imtina edə bilməyən şəxslərdən gedir.

Sənəddə qeyd olunur ki, belə şəxslər əlavə olaraq dövlət sirlərinə çıxış verilməsini tələb etməyən vəzifələrə qəbul edilə bilərlər.

Fərmanda deyilir ki, artıq məmur vəzifəsində olanlar isə işlərini davam etdirmək imkanına malik olacaqlar.

Bununla yanaşı fərmanda vurğulanır ki, sözü gedən şəxslər başqa bir dövlətin vətəndaşlığının dayandırılması istiqamətində bütün səyləri göstərməlidirlər.

İkinci pasportdan imtinanın mümkün olmaması məsələsi prezident yanında vətəndaşlıq komissiyası tərəfindən müəyyən ediləcək.

Buna da bax: Qarabağın Rusiya protektoratına çevrilməsi – Qərb mediası

Fərmana ehtiyac nədən yaranıb?

Rusiya qanunları ikinci vətəndaşlığı qadağan etmir, lakin onların bir sıra vəzifələrə təyin olunmasını yasaqlayır.

Bu da qeyd olunmalıdır ki, xarici vətəndaşlığı olanlara məmur vəzifələrini tutmağı qadağan edən müddəa Rusiya Konstitusiyasına düzəliş şəklində ötən il qəbul edilib.

Müvafiq qanunlar nəinki xarici vətəndaşlığı, hətta xaricdə məskunluq hüququ olanların dövlət sirri ilə əlaqəli vəzifələrə təyin olunmasını qadağan edir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Putinin fərmanı, məsələn ilhaq olunmuş Krımdakı məmurlara şamil edilə bilər.

Onlardan bir çoxu ilhaqa qədər olduqları Ukrayna vətəndaşlığından imtina etməyiblər.