Putin ilhaq edilmiş Krıma seçki kampaniyası aparmağa gəlib

Vladimir Putin Rusiyada prezident seçkilərinə dörd gün qalmış, martın 14-də 2014-cü ildə Moskva tərəfindən ilhaq edilmiş Krıma gəlib. Onun burada martın 16-da keçiriləcək Krım referendumunun ildönümünə həsr edilmiş tədbirdə iştirak edəcəyi gözlənilir. Moskva Krımın ilhaqını məhz bu referendumla əsaslandırır və anneksiyanı “Krım xalqının iradəsinin ifadəsi” kimi təqdim edir.

Krıma gəlməzdən əvvəl Putin yarımadanı Kerç boğazı üzərindən Rusiya ilə birləşdirəcək körpünün tikintisinə baş çəkib. Körpünün tikintisinə 2016-cı ildə başlanıb.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Krım səfəri martın 18-də keçiriləcək seçkidən əvvəl Putinin sonuncu böyük kampaniya tədbiri olacaq.

Ukrayna prezidenti Petro Poroşenko Putinin Krıma səfərini “çox qorxulu təxribat” adlandırıb. O Putinin Ukrayna ərazisində Rusiya seçkisinin kampaniyasını keçirməsi ilə bağlı Moskvanın üzərinə yeni və daha sərt sanksiyaların qoyulmasına çağırıb.

Putin hökuməti Krımın ilhaqını 2014-cü ildə moskvayönlü Ukrayna prezidenti Viktor Yanukoviçin devrilməsindən az sonra həyata keçirib.

Rusiya 2014-cü ilin 16 martında Krımda keçirilən referendumdan əvvəl yarımadaya formalarında heç bir nişanı olmayan qoşun hissələri göndərmişdi.