Putin Erdoğan və Paşinyanla danışıb

Erdoğan bölgədə 9 noyabr və 11 yanvar üçtərəfli bəyənatlarının həyata keçirilməsində Rusiyanın səylərini dəstəklədiyini bildirib

İyunun 24-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

Kremlin rəsmi saytında dərc edilmiş məlumatda deyilir ki, Rusiya prezidenti Nikol Paşinyanı və onun “Vətəndaş Müqaviləsi” partiyasını iyunun 20-də keçirilmiş parlament seçkisindəki qələbəsi münasibətilə təbrik edib.

Putin Paşinyana yeni Ermənistan hökumətinin təşkilində uğurlar arzulayıb.

İki lider Rusiya-Ermənistan arasında müttəfiqlik əlaqələrinin hərtərəfli möhkəmləndirilməsinə tərəfdar olduqlarını bildiriblər.

Buna da bax: Berlin və Parisin Putinlə sammit təklifi Avropada ixtilaf yaradır

Paşinyanın əsirlər məsələsini qaldırdığı deyilir

Putin və Paşinyan habelə Dağlıq Qarabağla əlaqədar fikir mübadiləsi ediblər.

Söhbət zamanı regionda stabilliyin bərqərar edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistan arasında 9 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrasının mühümlüyü vurğulanıb.

Putin və Paşinyan şəxsi təmaslarını davam etdirəcəklərinə dair razılığa gəliblər.

TASS xəbər agentliyinin Ermənistan hökumətinə istinadən verdiyi xəbərdə deyilir ki, söhbət zamanı Nikol Paşinyan Azərbaycandakı erməni əsirlərin qaytarılması məsələsini qaldırıb.

İyunun 23-də Vladimir Putin Dağlıq Qarabağ məsələsini Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etmişdi.

Buna da bax: İlham Əliyev Vladimir Putinlə danışıb

Suriya və Qarabağ

Kremlin rəsmi saytında dərc olunmuş başqa bir məlumata görə iyunun 24-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan arasında da telefon söhbəti olub.

Türkiyə prezidenti söhbət zamanı rusiyalı həmkarına Türkiyə ilə sərnişin hava rabitəsinin bərpasına görə təşəkkürünü bildirib.

Məlumatda deyilir ki, iki lider Dağlıq Qarabağdakı vəziyyəti də müzakirə ediblər.

Söhbət zamanı Dağlıq Qarabağda atəşkəsi monitorinq edən Rusiya-Türkiyə birgə mərkəzinin işi təqdir olunub.

Erdoğan bölgədə 9 noyabr və 11 yanvar üçtərəfli bəyənatlarının həyata keçirilməsində Rusiyanın səylərini dəstəklədiyini bildirib.

Tərəflər bu məsələdə, habelə regionda iqtisadi inkişaf məqsədilə nəqliyyat infrastrukturunun bərpası sahəsində səylərini koordinasiya edəcəklərini bildiriblər.

İki prezident söhbət zamanı həmçinin Suriyanın İdlib qəzasındakı vəziyyəti müzakirə ediblər.

Erdoğan və Putin bu bölgələrdə qalan terrorçu qruplaşmalara qarşı mübarizənin mühümlüyünü vurğulayıblar.

Məlumatda deyilir ki, Vladimir Putin bu yaxınlarda ABŞ prezidenti Co Baydenlə keçirdiyi sammitdən təəssüratlarını Recep Tayyip Erdoğanla bölüşüb.