Putinin prezidentliyə namizədliyi hazırlanır

Kremldə Rusiyada 2024-cü ildə keçiriləcək prezident seçkisinə hazırlıqlar başlanıb.

Prezident administrasiyasının məmurları deyirlər ki, müharibəyə baxmayaraq seçki təyin olunduğu vaxtda keçiriləcək və bu seçkidə Vladimir Putin namizəd olacaq.

Bu barədə məlumatı mənbələrə istinadən “Kommersant” qəzeti, habelə “Vyorstka” saytları yayıb.

Qeyd olunur ki, 2020-ci ildə Rusiya Konstitusiyasına edilmiş düzəlişlərlə prezident Putinin bundan əvvəlki bütün prezidentlikləri “sıfırlanıb” və o indi 2024, hətta 2030-cu ilin prezident seçkilərində namizədlik vermək imkanına malikdir.

Buna da bax: Ata Berdımuxammedov yenidən ölkənin ‘baş rəhbəri’ olmaq istəyr

Yeni elektorat təbəqəsi - müharibə iştirakçıları

2000-ci ildən bəri dördillik fasilə (2008-2012-ci illərdə onlar yerlərini ovaxtkı baş nazir Dmitri Medvedevlə dəyiş-düyüş etmişdilər) nəzərə alınmazsa prezidentlik edən Putinin özü hələki 2024-cü il seçkisinə dair planlarını açıqlamayıb.

Kommersant yazır ki, hələlik Putinin namizədliyinin “dəqiq ideoloji konturları” yoxdur, amma bunun “xalq birliyinə” əsaslanacağı gözlənilir.

Qəzetin yazdığına görə Kreml bu ilin payızında keçiriləcək regional seçkilərdə 2024-cü ilin prezident seçkisi üçün “yeni məzmunlu ideyalarını və texnologiyalarını” sınaqdan çıxaracaq.

Kommersant qəzetinin müsahibləri deyiblər ki, növbəti prezident seçkisində əsas diqqət “yeni təbəqəyə” – müharibə iştirakçılarına və onların qohumlarına yönəldiləcək.

Eyni zamanda Rusiyanın Ukraynadan yenicə ilhaq etdiyi ərazilərdə də elektoratla iş aparılacaq.

Buna da bax: Rusiya Soledarı tutduğunu, Ukrayna döyüşlərin getdiyini bildirir

Putinin rəqibləri müəyyənləşdirlir

“Vyorstka” saytı yazır ki, Kreml 2024-cü il seçkisinə hazırlığın “yeni fazasına” keçib.

Qeyd olunur ki, prezident seçkilərinə hazırlıq üçün regionlarda da start verilib.

Regionlar yaxın aylar ərzində əhalinin əhvalını sosial media şəbəkələrində öyrənməli və adamlar üçün ən mühüm məsələləri aydınlaşdırmalı, problemlərin həllinə səylər göstərməlidirlər.

Hətta bunun da müəyyənləşdirildiyi deyilir ki, 2024-cü il seçkisində Putinin rəqibləri Dövlət Dumasında təmsil olunan partiyaların nümayəndələri olacaq.

Buna da bax: Putinin komandanları dəyişməsi: hərbi zərurət, yoxsa saray çəkişməsi?

“Vyorstka” yazır ki, region başçılarına regional seçkiyədək mümkün qədər reklamlı şəkildə müharibə zonasına səfərlər etmək tapşırılıb.

"Vedomosti” qəzeti bugünlərdə yazmışdı ki, yanvar-fevral aylarında Moskva ətrafında vitse-qubernatorlar üçün daxili siyasət seminarlarının keçirilməsi planlaşdırılır.

Qeyd edilir ki, bu seminarlarda da 2024-cü ilin prezident seçkisinə hazırlıq müzakirə oluna bilər.