Rusiya prezidenti Vladimir Putin BRİCS təşkilatının Hindistanda keçirilən sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb.
O mətbuat konfransında deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin Yerevanda keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin dinc həlli yolları da müzakirə olunub: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xarici təhlükələrin qarşısını almaq üçün yaradılıb. Ətrafımızda baş verənlərə reaksiya verməli, eyni zamanda, keçmişdən bizə miras qalan probemləri dinc yolla və qarşılıqlı güzəşt əsasında həll etməyə çalışmalıyıq. Bu kontekstə Qarabağ münaqişəsi və digər problemləri müzakirə eləmişik” deyə o bildirib.
Putin bildirib ki, bizim üçün bu və ya digər keçmiş SSRİ respublikasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olub-olmaması o qədər də önəmli deyil. Əsas odur ki, onların hamısı ilə tarixi münasibətlərimiz var və bu münasibətlər NATO ölkələri arasındakı əlaqələrdən daha dərindir, bunu nəzərə almaya bilmərik.
Vladimir Putin daha sonra qeyd edib ki, NATO-ya üzv ölkələr arasında da problemlər olur, məsələn Kipr probleminə görə Türkiyə ilə Yunanıstan arasında və yaxşı bəllidir ki, bu cür problemlər 10 illərlə uzanır.
BRİCS təşkilatına Braziliya,Rusiya,Hindistan,Çin və Cənubi Afrika Respublikası daxildir.