Rusiya prezidenti Vladimir Putin noyabrın 5-də prezident yanında Rus Dili Şurasının iclasında rus dilinə “müharibə elan etmiş mağara rusofoblarından və marginallardan” danışıb:
"Biz bugün dünyada rus dilinin məkanının süni, vurğulayaraq deyirəm ki, kobud və bəzən əsassız şəkildə məhdudlaşdırılması, onun kənara sıxışdırılması cəhdləri ilə üzləşirik. Rus dilinə qarşı müharibəni müşahidə etdiyimiz kimi təkcə mağara rusofobları elan etməyiblər. Müxtəlif növlü marginallar, aqressiv millətçilər bu istiqamətdə çox səmərəli şəkildə işləyirlər. Təəssüf ki, müxtəlif ölkələrdə bu, rəsmi dövlət siyasətinə çevrilib”.
Rusiya prezidenti söhbətin konkret olaraq hansı ölkələrdən getdiyini deməyib, lakin son zamanlarda Ukrayna və Latviyada məktəblərdə rus dilinin tədrisinə qadağan qoyan qanunlar qəbul edilib.
Buna da bax: Uşaqlarını ana dilində oxutmayan analar deyirlər ki...
Putin bunu da deyib ki, bütün bu cəhdlərə baxmayaraq, guya bütün dünyada rus dilinə maraq sıçrayışı baş verib.
Putin bunu “Rusiyada iqtisadiyyatın və müdafiə qabiliyyətinin artması” ilə izah edib:
"Rus dilinə maraq sıçrayışı var. “Bizə dərslik və müəllimlər verin” deyirlər. Bu təkcə respublikalardan yox, həm də uzaq xaricdən səslənir. Əlbəttə, müdafiə qabiliyyətimizin artması burada heç də az rol oynamayıb”.
Rusiya prezdenti əmin olduğunu bildirib ki, “rus dilinə maraq Rusiyada rifahın artması ilə paralel yüksələcək”.
2015-ci ildə Putin artıq rus dilinin mühümlüyü barədə danışmış və rusiyalıları ana dilini xarici dillərdən alınan sözlərlə ifrat doldurmamağa çağırmışdı.
Prezident o zaman bildirmişdi ki, Rusiyada dil mühitini kütləvi informasiya vasitələri, internet və televiziya formalaşdırır və “burada dil normaları tez-tez pozulur, alınma sözlərdən əsassız və aşkarca ifrat istifadə edilir”.