Cənubi Koreya Ukraynaya silah verə bilər

Vladimir Putin və Kim Çen In Pxenyan şəhərində ikitərəfli danışıqların yekunlarına dair imzalanma mərasimində.

Cənubi Koreya Rusiya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında əməkdaşlıq və müdafiə sazişi bağlandıqdan sonra Ukraynaya silah tədarükü məsələsinə baxa bilər.

"Yonhap" agentliyi xəbər verir ki, bu barədə ölkənin milli təhlükəsizlik müşaviri Çanq Ho-cin mətbuat konfransında bildirib.

"Hökumət ciddi narahatlığını ifadə edir və sazişin imzalanmasını pisləyir", - Çanq deyib. Onun sözlərinə görə, Şimali Koreyanın hərbi cəhətdən güclənməsinə birbaşa və ya dolayısı ilə töhfə verən istənilən əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır.

Cənubi Koreya dünyanın ən böyük silah təchizatçılarından biridir. Lakin Seul Ukraynaya silah vermir. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda iki ölkə arasındakı münasibətlərdə bunu dəyərləndirdiyini bildirib. Dünyanın bir sıra media orqanlarına görə isə, Cənubi Koreya mərmiləri ABŞ-a verilə bilərdi ki, Vaşinqton da, öz növbəsində, onları Ukraynaya göndərə bilsin.

Cənubi Koreya prezidentinin ofisində "Yonhap"ın həmsöhbəti təchizat məsələsinə yenidən baxıldığını nə təsdiq, nə də təkzib edib. Onun sözlərinə görə, Seul, hələlik, bu məsələni açıq şərh etməyəcək. "Konkret tədbirlər barədə daha sonra məlumat veriləcək, biz planları əvvəlcədən açıqlamaq istəmirik, bizə Rusiyanın reaksiyası maraqlıdır", - Koreya rəsmisi deyib.

1948-ci ilə qədər bir ölkə olan Cənubi və Şimali Koreya 1950-ci ildən rəsmi olaraq müharibə vəziyyətindədir. 1953-cü ildə, yüz minlərlə insanın ölümünə səbəb olan aktiv hərbi əməliyyatlardan sonra atəşkəs imzalayıblar, o vaxtdan bəri sülh müqaviləsi bağlaya bilmirlər. Cənubu NATO ölkələri, Şimalı isə Rusiyanin varisi olduğu SSRİ dəstəkləyib.

19 iyun

'Şimali Koreyaya hücum olarsa…' - Putin

İyunun 19-da Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen In ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb.

Putin Pxenyanda səfərdədir.

"Bu gün imzalanmış hərtərəfli tərəfdaşlıq sazişi iştirakçılardan birinə təcavüz olacağı təqdirdə qarşılıqlı yardımın göstərilməsini nəzərdə tutur", - V.Putin bildirib.

Hələ, iyunun 17-də Rusiya prezidentin köməkçisi Yuri Uşakov demişdi ki, sazişdə təhlükəsizlik məsələləri də nəzərə alınacaq və bir neçə sənədi, o cümlədən SSRİ dövründən olanları əvəz edəcək.

Putin Şimali Koreyaya gəlib

Rusiya prezidenti Vladimir Putin iyunun 18-də Şimali Koreyaya gəlib. Onu təyyarə trapının yanında Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbəri Kim Çen In qarşılayıb.

KXDR Rusiyanı Ukraynaya təcavüz və həmin ölkənin Krım bölgəsinin ilhaq edilməsində dəstəkləyən azsaylı ölkələrdən biridir.

Putin bu ölkəyə ikinci dəfədir səfər edir. Onun ilk səfəri hələ 2000-ci ildə olmuşdu.

Şimali Koreyanın Rusiya ordusunu artilleriya sursatı və raket sistemləri ilə təchiz etdiyi ehtimal olunur.

Moskvanın isə BMT Təhlükəsizlik Şurasının onun özünün də səs verdiyi qətnamələrini pozaraq Pxenyana raket proqramında köməklik göstərdiyi ehtimal edilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin sentyabrında demişdi ki, Moskva bir çox BMT qətnamələrindən imtina edir, onlar başqa geosiyasi şəraitdə qəbul olunub.