ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin atəşkəslə bağlı dediklərinin "natamam" olduğunu bildirib. O, bunu NATO-nun baş katibi Mark Rütte ilə görüşündə deyib.
"Biz Rusiyanın atəşi kəsməsini görmək istərdik", - Amerika lideri bildirib. "İndi Rusiyanın atəşkəsdə iştirak edib-etməyəcəyini görəcəyik. Əgər belə olmasa, bu, dünya üçün çox məyusedici bir an olacaq".
Eyni zamanda Tramp Putinin bəyanatını "ümidverici" adlandırıb. O, həmkarı ilə atəşkəs təklifini müzakirə etməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, onun xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyada ciddi danışıqlar aparır.
"Ümid edirəm ki, Rusiya düzgün addım atacaq", - o vurğulayıb.
+++
Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatları dayandırmağa, o cümlədən bir aylıq atəşkəsə getməyə hazır olduğunu açıqlayıb. "Lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın ilkin səbəblərini aradan qaldırmalıdır", - o əlavə edib.
Putin deyib ki, atəşkəs bütün cəbhə xətti boyunca nəzarət məsələsinin həllini tələb edir.
"Nəzarət və yoxlama məsələləri necə həll olunacaq? Əmrləri kim verəcək və bu əmrlərin dəyəri nə olacaq?",- o sual edir. "İki min kilometr məsafədə kimin nəyi pozduğunu kim müəyyənləşdirəcək? Bütün bunlar hər iki tərəfdən diqqətlə araşdırma tələb edən məsələlərdir".
Putin səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatan Ukrayna lideri Volodimir Zelenskinin qeyri-legitimliyindən dəfələrlə danışıb. Onun sözlərinə görə, danışıqlar "istənilən şəxslə" aparıla bilər, lakin yekun sənəd yalnız "legitim" hökumətlə imzalana bilər. Müharibə ötən il Ukraynada prezident seçkisinin keçirilməsini qeyri-mümkün edib. Ukrayna Konstitusiyası hərbi vəziyyət dövründə seçki keçirilməsini yasaqlayır.
Putinin sözlərinə görə, Rusiya münaqişəyə sülh yolu ilə son qoymaq ideyasını dəstəkləyir və o, ABŞ prezidenti Donald Trampla atəşkəsin müzakirəsini istisna etmir. Eyni zamanda, Moskva atəşkəs dövründə Ukraynanın səfərbərlik aparmayacağına, hərbçilərə təlim keçməyəcəyinə, müttəfiqlərindən silah almayacağına dair zəmanət tələb edir.
ABŞ və Ukrayna martın 12-də Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda dərhal 30 günlük atəşkəs təklifi barədə razılığa gəliblər. Vaşinqton açıq şəkildə bildirib ki, Moskvanın təklifdən imtina etməsi Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyalara səbəb ola bilər.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.
2022-ci ildə prezident Vladimir Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.
"The Wall Street Journal" nəşrinin mənbələrinin məlumatına görə, ikinci prezidentliyinin başlanğıcında D.Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı tapşırıb.