Putinin ‘hakimiyyəti qəsb etməsinə’ qarşı manifest yazıldı

Anti-Putin aksiyalarından birində

Rusiyada populyar “Novaya gazeta” qəzeti yanvarın 24-də prezident Vladimir Putinin konstitusiya islahatına qarşı “Rusiya vətəndaşlarının manifesti”ni dərc edib.

Manifestin müəllifləri yazırlar ki, “rusiyalıların gözləri qarşısında konstitusiya çevrilişi baş verir və bu çevrilişdən məqsəd Vladimir Putini və onun korrupsiyalı rejimini ömürlük hakimiyyətdə saxlamaqdır”.

Manifestdə deyilir ki, bu məqsədlə “konstitusiyanın yenidən yazılması niyyəti ilə xüsusi əməliyyat” düşünülüb.

Buna da bax: Peskov Putinin niyə tələsdiyini izah edib

Müraciətin müəllifləri bildirirlər ki, manifest konstitusiya dəyişikliklərinə qarşı ümumrusiya kampaniyasının yalnız başlanğıcıdır.

Onların fikrincə konstitusiya düzəlişləri “ritorik və hüquqi manipulyasiyalarla və real ictimai müzakirə olmadan” həyata keçirilir:

"Konstitusiya yığıncağının əvəzinə bizə qeyri-peşəkarlardan ibarət imitasiyalı işçi qrup, referendum əvəzinə isə qeyri-qanuni “ümumrusiya səsverməsi” təklif edilir”.

Yanvarın 19-da Moskvada anti-Putin etirazçısının saxlanması

Manifest müəlliflərinin fikrincə, konstitusiya mətninə “düşünülmüş şəkildə ciddi ziddiyyətlər daxil edilir ki, bu da qanunvericilik xaosunun yaranmasına və dövlət quruluşunun əsaslarının pozulmasına gətirib çıxaracaq”.

Sənədi tərtib edənlər “hakimiyyətin Putin tərəfindən qəsb edilməsini istəməyənlərin” hamısını bu manifestə qoşulmağa çağırırlar.

Bu sənədə indiyədək imza atanların arasında iqtisadçı Sergei Guriyev, insan haqları fəalı Sergei Davidis və siyasi şərhçilər Denis Bilunov, Ivan Preobrazhensky və Aleksandr Shmelev də var.

Moskvanın 10 rayonunda bələdiyyələrə üzv olan jurnalistlər, o cümlədən Ilya Azar, Yulia Galyamina və Yelena Rusakova da bu manifestə qoşulublar.

67 yaşlı keçmiş DTK zabiti Putin konstitusiyaya düzəlişləri yanvarın 15-də etdiyi dövlət nitqində açıqlayıb.

Bunun aradınca Dövlət Duması bu təklifləri təcili şəkildə yanvarın 23-də qəbul edib.

Bir çox siyasi fəalları dəyişikliklərin belə tələskənliklə həyata keçirilməsi narahat edir.

Buna da bax: Putin dəyişiklik istəyir, yoxsa istəmir?

Rusiya mediası xəbər verir ki, dəyişikliklər paketi aprel ayında referenduma çıxarılmalıdır.

Açıq Rusiya Fondundan siyasətçi Andrei Pivovarov deyib ki, “əslində bu, hakimiyyətin qəsb olunmasıdır”.

Ümumilikdə konstitusiyanın 22 maddəsi dəyişdirilməlidir.

Bir çox politoloqların fikrincə dəyişikliklərdən məqsəd Putini 2024-cü ildən sonra da hakimiyyətdə saxlamaqdır.

Onun son prezidentlik müddəti məhz həmin il başa çatır.