Zorakılıq edənlərin heç də hamısı kişilər deyil...

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda qadına qarşı şiddət- partiyalarla müzakirə

Azərbaycanın sosial şəbəkə istifadəçiləri “qadına şiddətə yox!”, “susma!” heşteqləri yaradıb, qadına qarşı zorakılıqlara etiraz edirlər.

Son günlər Azərbaycanın müxtəlif şəhər və rayonlarından müxtəlif fiziki zorakılıq xəbərləri gəlir. Amma zorakılıq edənlərin heç də hamısı kişilər deyil. Onların arasında qadınlar da var.

Milli Məclisinin Ailə, Qadın və Uşaq Komitəsinin sədri Aqiyə Naxçıvanlı deyir ki, gerçək mənzərə üçün bütün bu hadisələr dərindən və ədalətli araşdırılmalıdır:

“Beyləqan rayonunda 18 yaşlı qız kimlər tərəfindən döyülüb və küçəyə atılıb? Goranboyda qadının ata bağlanıb, döyülməsini edənlər kimlər idi, yalnız kişilər idimi? Görünür ki, cəmiyyətdə bu zorakılıq edənlərin layiqli cavablarını almırlar. Biz neynəməliyik, ölüm hökmünü bərpa etməliyik? Bununla cəmiyyətdə olan neqativ halların qarşısı alınacaq? İnsanların psixoloji durumu yoxlanmalıdır. Necə olur ki, birdən bıçağı götürüb kimisə öldürür. Yəqin ki, bunların yığılan neqativlərdir”.

Amma Aqiyə Naxçıvanlı düşünür ki, cəmiyyətin qadın hüquqları, gender bərabərliyi ilə bağlı neqativ baxışı dəyişməlidir. Stereotiplər, pis vərdişlər aradan qaldırılmalıdr.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Sizin brauzer HTML5-i dəstəkləmir

"Qadın kişiyə tabe olmalıdır"- deyənlərə necə baxırsız?

Real Partiyasının icra katibi Natiq Cəfərli deyir ki, qadına zorakılığın “normal” qəbul olunduğu cəmiyyət heç vaxt inkişaf edə bilməz. Onun sözlərinə görə, qadına qarşı zorakılığın ciddi qınaq obyektinə çevrilmədiyi məmləkət iqtisadi, sosial, siyasi, hətta torpaqlarının işğalı ilə bağlı problemini həll edə bilməz.

Ötən ay AXCP sədrinin müavini Fuad Qəhrəmanlının da adı məişət zorakılığında hallanıb. Bu iddialardan sonra AXCP sədri Əli Kərimli öz Facebook hesabında yazdı ki, özü və rəhbəri olduğu partiya qadına qarşı zorakılığı qınayır:

“AXCP üçün ailə dəyərləri çox önəmlidir. Biz ailələri qorumaqdan yanayıq. Mümkün olmayanda da sivil, mədəni adamlara yaraşan şəkildə ayrılmanı son çarə kimi görürük. Nəinki qadınlara, hətta kişilərə qarşı da şiddətə, fiziki zorakılığa qarşıyam. “Hamının evində olur” arqumentini qəbul etmirəm. İctimai rəyin, vətəndaş cəmiyyətinin şiddətə qarşı kampaniyasını dəstəkləyirəm”.

Buna da bax: F.Qəhrəmanlı: 'İstəmirəm uşaqla burda polemika açım, doğru olmaz'

Əxlaqsızlıq istisna olunmaqla?

Amma Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu düşünür ki, əxlaqsızlıq istisna olunmaqla, digər heç bir halda ailələrin boşanması doğru deyil:

“Qadın azadlığı nə deməkdir? Qadının da kişi kimi səs vermək, seçilmək, sağlamlıq, təhsil almaq hüququ var. Qadının kişiyə tabe olmamaq hüququ yoxdur. İslam dini əxlaqsızlıq istisna olunmaqla, qadının boşanmasını, boşanmış qadınla evlənmək hallarını da zina hesab edir”.

Müsavat Partiyasının başqanı Arif Hacılı deyir ki, onların partiyası kişi və qadın bərabərliyinə, qadınların hüquqlarına sayğı ilə yanaşır:

“Heç kəsə qarşı fiziki təzyiq göstərmək olmaz. Hətta adam öldürmüş, hətta barəsində ölüm hökmü çıxarılmış caniyə belə. Bizdə gender məsələləri üzrə xüsusi komissiya var. Bizdə bütün komitələrə qadın üzvlərin seçilməsi üçün 25 faizlik kvota ayrılıb. Biz düşünürük ki, qadın və kişi bərabərdir. Onlar bütün məsələlərdə bir-birlərinə kömək etməlidilər”.

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı isə deyir ki, hökumət gender məsələsi ilə bağlı öz mövqeyini əməlində göstərir.

Buna da bax: Qızını erkən ərə verən, məktəbə buraxmayan valideynlərdən niyə danışılmır?

Onun sözlərinə görə, Azərbaycan hökuməti qadınlara qarşı ayrıseçkiliyin ləğv olunması ilə bağlı bir çox beynəlxalq sənədlərə, BMT-nin qadınların siyasi hüquqları üzrə konvensiyaya qoşulub.

2006-cı ildə Gender Bərabərliyi, 2010-cu ildə məişət zorakılığının qarşısının alınması haqda qanun qəbul edilib. Amma Aqiyə Naxçıvanlı hesab edir ki, bu məsələdə cəmiyyət də öz mövqeyini sərgiləməli, belə hallara qarşı biganəlik aradan qalxmalıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə 915 qadın, 306 kişi məişət zorakılığından əziyyət çəkib. Amma bu sahədə araşdırmalar aparan "Rasional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin məlumatına görə, reallıqda məişət zorakılığı halları daha çoxdur.