'Qara bazar' canlanır

Məzənnə - 18 avqust 2016

Azərbaycanda yenə «qara bazar»ın canlandığı bildirilir. Bu, dollar tələbatını Mərkəzi Bank və Neft Fondunun yetərincə qarşılamaması ilə izah edilir.

Bu haqda fins.az xəbər verir.

Xəbərə görə, banklarda dollar satışına məhdudiyyət qoyulması «qara bazar»a axını şərtləndirir. Rəsmi qadağalara baxmayaraq, banklardan istədikləri məbləğdə dollar əldə edə bilməyən vətəndaşların gizli yolla dollar satıcılarına müraciət etdikləri deyilir.

Avqustun 19-da «qara bazar»da 1 ABŞ dollarının satış kursunun 1.6850-1.6855 manat arasında olduğu bildirilir. Burda alış-satış üçün hər hansı limitin də olmadığı söylənir.

Xəbərdə qeyd edilir ki, banklar da «qara bazar»dakı məzənnəni nəzərə almaq məcburiyyətindədirlər.

Fins.az-ın bildirməsinə görə, dolların banklardakı satış məzənnəsi 1.6852 manatdır. Əksər banklar daha ucuz məzənnə ilə mübadiləyə də razılaşır.

Fins.az həmçinin qeyd edir ki, «qara bazar»ın təminatçıları özləri də elə maliyyə qurumlarıdır. Saytın araşdırmalarına görə, «qara bazar»da dollar satanların əksəriyyəti elə bank işçiləridir.

Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, avqustun 19-da bir dollar 1.6204 manata bərabər olub.

Azərbaycanda ötən il dekabrın 21-də baş verən ikinci devalvasiyadan sonra yenə «qara bazar»ların canlandığı bildirilirdi. Ancaq bir qədər sonra bu bazarlar tədricən yığışdırıldı. Azərbaycanda belə «qara bazar»lar, əsasən, ötən əsrin 93-94 və 95-ci illərində məşhur olub.

Təcili min dollar lazım olsa, harda axtaracaqsınız?

Sizin brauzer HTML5-i dəstəkləmir

Təcili min dollar lazım olsa, harda axtaracaqsınız?